Rusiyada seçkilər dövründə internet və müxtəlif rabitə növlərinə məhdudiyyət tətbiq olunacaq.
Bizim.Media “Kommersant” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib.
Onun sözlərinə görə, bu tədbirlər təhlükəsizliyin təmin edilməsi məqsədilə həyata keçirilir və vətəndaşlar buna anlayışla yanaşmalıdırlar.
“Mən hesab edirəm ki, narazılıq etməyə dəyməz. Tərəzinin bir gözünə internetə daxil ola bilməməyi, digər gözünə isə insan həyatını qoyaq. Rabitə və internetlə bağlı problemlər təhlükəsizlik maraqları naminə olacaq”, – deyə Pamfilova MSK-nın iclasında bildirib.
MSK sədri qeyd edib ki, seçki komissiyaları məhdudiyyətlər şəraitində distant elektron səsvermənin təşkili ilə bağlı təcrübə qazanıblar. O əlavə edib ki, səsvermə məntəqələrində əlavə Wi-Fi nöqtələri quraşdırılacaq.
Qeyd edək ki, Rusiya Dövlət Dumasına IX çağırış seçkiləri 2026-cı il sentyabrın 18-20-də keçiriləcək.
Məlumat üçün bildirək ki, son aylarda Rusiyanın müxtəlif bölgələrində pilotsuz uçuş aparatlarının hücumları fonunda mobil internetin fəaliyyəti məhdudlaşdırılır.
Bu məhdudiyyətlər tətbiq olunduqdan sonra bir sıra regionlarda, o cümlədən Moskva və Belqorod vilayətində istifadəçilər hətta “ağ siyahı”ya daxil edilmiş saytlara çıxışın mümkün olmamasından şikayətləniblər.
Bizim.Media






































































































