Polşanın Jeşuv şəhəri yaxınlığındakı Lyutoj kəndində ölkə səhiyyə və hüquq sistemini sarsıdan dəhşətli hadisə bəyan olub. Tikinti işləri aparmaq üçün əraziyə gələn ekskavator sürücüsü təsadüfən torpağın altından insan sümükləri və tibbi tullantılar aşkarlayıb. Aparılan genişmiqyaslı qazıntılar nəticəsində 57 yaşlı patoloqoanatom qadına məxsus fərdi torpaq sahəsində müxtəlif dərinliklərdə basdırılmış 32 doğulmamış körpənin (dölün) qalıqları tapılıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, faktla bağlı dərhal genişmiqyaslı araşdırmalara başlanılıb və həkim həbs edilib.
"Körpələri COVID-19 dövründə araşdırma üçün gətirmişdim"
İstintaqa cəlb olunan patoloqoanatom Maqdalena Q. törətdiyi əməli qəribə bir bəhanə ilə əsaslandırmağa çalışıb. O iddia edib ki, koronavirus (COVID-19) pandemiyası dövründə elmi araşdırmalar aparmaq məqsədilə xəstəxanadan ölü doğulmuş uşaqların cəsədlərini götürüb. Qadın tədqiqatlarını bitirdikdən sonra tibbi protokolları pozaraq həmin cəsədləri qeyri-qanuni şəkildə öz şəxsi bağında basdırdığını etiraf edib.
Hüquq-mühafizə orqanları qazıntı yerindən basdırılmış cəsədlərlə yanaşı, yararsız hala salınmış tibbi sənədlərin fraqmentlərini və xüsusi tibbi materialları da müsadirə ediblər.
Jeşuv prokurorluğunun mətbuat katibi Kşiştof Sexanovski bildirib ki, hazırda araşdırmalar ilkin mərhələdədir. Saxlanılan həkimə qarşı Polşa Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülür:
Meyitlərin (qalıqların) təhqir olunması;
Tibbi materialların və tullantıların icazə verilməyən, qeyri-qanuni yerlərdə saxlanılması və ya utilizasiyası.
Polşa qanunvericiliyinə görə, bu cinayət əməlləri üst-üstə toplandıqda təqsirləndirilən şəxsi 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Prokurorluq bu qorxunc fəaliyyətdə xəstəxananın digər əməkdaşlarının və ya kənar şəxslərin də əli ola biləcəyi versiyasını istisna etmir.

Bizim.Media

































































































