Böyük Britaniya Silahlı Qüvvələri və hüquq-mühafizə orqanları Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi "kölgə donanması"na qarşı genişmiqyaslı əməliyyat keçirib.
Böyük Britaniyanın Baş naziri Kir Starmer şəxsən orduya Manş (La-Manş) boğazı vasitəsilə hərəkət etməyə çalışan neft tankerinin qarşısını kəsmək barədə əmr verdiyini açıqlayıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş nazir öz rəsmi "X" (Twitter) hesabında məlumat paylaşıb.
Kir Starmer əməliyyatın uğurla tamamlandığını bildirərək qeyd edib:
"Bu səhər erkən saatlarda mən Silahlı Qüvvələrimizə Manş boğazından keçməyə cəhd edən “kölgə donanması”na məxsus neft tankerinin qarşısını kəsməyi tapşırdım. Bu uğurlu əməliyyat Rusiyaya növbəti zərbədir və Putinin Ukraynadakı müharibəsini maliyyələşdirənlərə gizlənə bilməyəcəklərini xatırladır".
Böyük Britaniya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, söhbət Kamerun bayrağı altında üzən və Rusiya limanından çıxan, təxminən 244 metr uzunluğundakı "Smyrtos" neft tankerindən gedir.
Böyük Britaniya rəhbərliyində həyata keçirilən bu ilk müstəqil əməliyyat Fransa ilə sıx koordinasiya şəraitində baş tutub və təxminən 6 saat davam edib. Krallığın Dəniz Kommandoları (Royal Marine Commandos) və Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) xüsusi təlim keçmiş zabitləri helikopterlər (Chinook, Merlin Mk4) və hərbi gəmilərin dəstəyi ilə tankerə desant çıxararaq gəmini nəzarətə götürüblər.
Müdafiə naziri Den Carvis bildirib ki, Rusiya Ukraynadakı hərbi fəaliyyətini məhz bu növ gizli neft satışı sxemləri ilə maliyyələşdirir. Hazırda saxlanılan tanker İngiltərənin cənub sahillərindəki lövbər dayanacağına gətirilib.
Gəmidə beynəlxalq sanksiyaların pozulması ilə yanaşı, ekoloji və texniki təhlükəsizlik qaydalarına riayət olunub-olunmaması istiqamətində geniş təhqiqat başladılıb.
Qeyd edək ki, Baş nazir Kir Starmer hələ bu ilin mart ayında Britaniya sularından keçən və sanksiya siyahısında olan "kölgə donanması" gəmilərinin ordu tərəfindən saxlanılmasına icazə verən fərmanı təsdiqləmişdi.
Bizim.Media































































































