Makronun uğursuzluqlar ZƏNCİRİ – Nə xalqı hörmət edir, nə də arvadı

Hazırda oxunan: Makronun uğursuzluqlar ZƏNCİRİ – Nə xalqı hörmət edir, nə də arvadı

618976

Bir vaxtlar Avropa siyasətinin əsas istiqamətverici güclərindən biri hesab olunan Fransa bu gün ciddi daxili və xarici problemlərlə üz-üzədir. Prezident Emmanuel Makron hakimiyyətə gəldiyi ilk illərdə özünü yeni Avropa lideri kimi təqdim etməyə çalışsa da, ötən dövr göstərdi ki, onun ambisiyaları və real nəticələr arasında böyük uçurum yaranıb. Bu gün Fransa həm ölkə daxilində artan sosial narazılıqlar, həm də beynəlxalq arenada zəifləyən təsir imkanları fonunda mürəkkəb siyasi vəziyyətlə üzləşib.

Reytinqlər aşağı düşür, legitimlik əldən gedir...

Son illərdə Makronun siyasi nüfuzu davamlı şəkildə zəifləyir. Müxtəlif sorğular onun Avropanın ən aşağı reytinqli liderlərindən birinə çevrildiyini göstərir.
 

Məsələn, BVA-CESI-nin ötən ay apardığı sorğunun nəticələrinə əsasən, Fransa prezidentinə müsbət münasibət bildirənlərin sayı cəmi 21 faiz təşkil edir. Bu isə aprel ayı ilə müqayisədə 2 faiz daha azdır. Üstəlik, respondentlərin 75 faizi isə ona mənfi münasibət bəslədiyini bildirib.


Bunun əsas səbəblərindən biri hökumətin həyata keçirdiyi sosial-iqtisadi siyasətdir. Yanacağın bahalaşması, vergilərin artırılması, pensiya islahatları və əhalinin sosial problemlərinin həll olunmaması Fransada geniş narazılıq yaradıb. Bundan əlavə, Makron administrasiyası əhalinin narahatlıqlarını dinləmək əvəzinə, sərt idarəetmə üsullarına üstünlük verir. Nəticədə siyasi sistem legitimliyini gün keçdikcə daha da itirir.

Fransanı bürüyən etiraz dalğası

Emmanuel Makronun hakimiyyəti dövründə Fransa ardıcıl sosial etirazlarla üzləşib. 2018-ci ilin sonlarında yanacaq vergilərinin artırılması qərarına etiraz olaraq başlayan "sarı jiletlilər" hərəkatı qısa müddətdə ölkə tarixinin ən genişmiqyaslı etiraz dalğalarından birinə çevrildi. Həftələrlə davam edən nümayişlər zamanı Paris və digər iri şəhərlərdə toqquşmalar baş verdi, yüzlərlə insan yaralandı və minlərlə etirazçı saxlanıldı.
 

Sonrakı illərdə də etirazlar səngimədi. Xüsusilə Makron hökumətinin pensiya yaşının 62-dən 64-ə qaldırılması barədə qərarı ölkə üzrə həmkarlar ittifaqlarının kütləvi aksiyalarına səbəb oldu. Dəmir yolu işçiləri, müəllimlər, energetika sektoru əməkdaşları və digər peşə qrupları ümummilli tətil aksiyalarına qoşularaq hökumətin sosial siyasətinə etiraz etdilər.


2024-cü ildə isə Fransanın müxtəlif bölgələrində fermerlərin genişmiqyaslı etirazları başladı. Onlar artan istehsal xərcləri, yüksək vergi yükü, Avropa İttifaqının kənd təsərrüfatı qaydaları və ucuz xarici məhsulların bazara daxil olması səbəbindən yolları bağlayaraq hökumətdən təcili tədbirlər tələb etdilər. Traktor karvanları Parisə doğru hərəkət etdi, magistral yollar bağlandı. Bu ilin yanvarında da fermerlər yenidən kütləvi etiraz nümayişləri keçirdilər.

Qeyd olunanlar Makron diktaturasına qarşı etiraz dalğasının ən güclü nümunələrdir. Ümumilikdə isə, müxtəlif sosial qrupların etiraz aksiyaları fransızların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Bu aksiyalar Fransa cəmiyyətində sosial narazılığın yalnız bir təbəqə ilə məhdudlaşmadığını, müxtəlif sosial qrupların iqtidarın siyasətindən narazı olduğunu bir daha nümayiş etdirir.

Makron diktaturası söz azadlığını ayaqlar altına atılır

Özünü demokratiyanın və insan hüquqlarının müdafiəçisi kimi təqdim edən Fransada son illərdə söz azadlığının pozulması halları da adət halını alıb.

Bunun ən diqqətçəkən nümunələrindən biri Nigerdəki keçmiş Fransa səfiri Silven İttenin kitabı ətrafında yaranan qalmaqal oldu. Diplomata Emmanuel Makronun Afrika siyasətindəki uğursuzluqları barədə yazdığı əsərin nəşri ilə bağlı təzyiqlərin göstərilməsi Fransa daxilində və beynəlxalq mediada ciddi rezonans doğurdu.

Eyni zamanda, Fransada mediaya təzyiqlər də kütləvi hal alıb. Mətbuat Azadlığı Uğrunda Reportyorlar Təşkilatı (RSF) dəfələrlə etirazları işıqlandıran jurnalistlərə qarşı polis zorakılığı hallarını qeydə aldığını açıqlayıb. Təşkilatın məlumatına görə, müxtəlif aksiyalar zamanı jurnalistlərə qarşı dəyənəklə zərbələr endirilməsi, gözyaşardıcı qazdan istifadə olunması və onların peşə fəaliyyətinə maneələrin yaradılması halları yaşanıb.
 

Fransada media azadlığı ilə bağlı narahatlıq doğuran digər məsələlərdən biri jurnalistlərin informasiya əldə etməsində yaranan çətinliklər və mediaya siyasi təsirlərlə bağlı müzakirələrdir. RSF öz hesabatlarında qeyd edir ki, Fransada siyasi və iqtisadi dairələrin mediaya təsiri artır. Üstəlik, media bir neçə şəxsin mülkiyyətində cəmləşir ki, bu da söz azadlığına ciddi zərbə vurur.


Göründüyü kimi, başqalarını tənqid etmək lazım olanda bütün gücünü işə salan Makron iqtidarı, sıra öz uğursuzluqları barədə açıq müzakirələrə gələndə, birdən-birə 180 dərəcə dəyişir. Halbuki Fransa uzun illər dünyaya demokratiya və ifadə azadlığı dərsi keçməyə çalışan dövlət kimi çıxış edib.

Bricitin silləsi, Makronun başına dəyən yumurta

Makronun siyasi reytinqinə onun şəxsi imici də ciddi mənada təsir göstərir. Xüsusilə, ötən ilin mayında baş verənləri xatırlatmaq kifayətdir. Vyetnama rəsmi səfəri zamanı təyyarədən düşərkən həyat yoldaşı Bricit Emmanuelə sillə vurdu. Bu hadisə nəinki Fransada, bütün dünyada geniş müzakirələrə səbəb oldu. Sözügedən kadrlar sosial şəbəkələrdə trendə, zarafat mövzusuna çevrildi. Siyasətlə yaxından-uzaqdan əlaqəsi olmayan, Makronu tanımayan şəxslər belə onu ələ salmağa başladılar.

Bundan əvvəl də, Makron küçədə başına yumurta atılması və hücumlara məruz qalıb. Bu hadisələr təkcə Makronun şəxsi reputasiyasına deyil, həm də təmsil etdiyi dövlətin siyasi nüfuzuna zərbə vurur. Çünki Fransa kimi nüvə silahına malik, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan bir ölkənin liderinin davamlı şəkildə daxili narazılıqların, şəxsi qalmaqalların simvoluna çevrilməsi ölkənin beynəlxalq mövqeyinə də təsirsiz ötüşmür.

Avropanın aparıcı dövlətindən "ikinci dərəcəli oyunçu"ya...

Fransa böyük iqtisadi potensiala, hərbi gücə malik olsa da, bu potensialın effektiv siyasi nəticələrə çevrilməsi sahəsində ciddi problemlər mövcuddur.

İqtisadi çətinliklər, enerji problemləri, miqrasiya böhranı, küçə zorakılığı, sosial parçalanma və xarici siyasətdə ardıcıl uğursuzluqların əsas səbəbkarı Makronun ölkəsini diktator üslubunda idarə etməsindən qaynaqlanır.
 

Üstəlik, onun şəxsi imici, ardıcıl uğursuzluqlar Fransanın beynəlxalq nüfuzunun zəifləməsinə, ölkənin ənənəvi təsir imkanlarının azalmasına və Avropadakı liderlik mövqeyinin sarsılmasına gətirib çıxarıb.


Tarix göstərir ki, böyük dövlətlərin gücü yalnız iqtisadi və hərbi imkanlarla ölçülmür. Əsas amillərdən biri də cəmiyyətin hakimiyyətə etimadı və ölkənin beynəlxalq nüfuzudur. Məhz bu baxımdan Makron Fransası hazırda son illərin ən mürəkkəb sınaqlarından birini yaşayır. Bu sınaqlardan qurtulmağın isə yolu bəllidir: Səbəbkarın yola salınması...

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin