Argentinada dünyanın ən böyük mis yataqlarından biri hesab edilən Vicuña mədən layihəsi çərçivəsində diqqətçəkən addım atılır. And dağlarının yüksək və əlçatmaz bölgəsində fəaliyyət göstərəcək işçilərin yerləşdirilməsi üçün Çində istehsal olunan yüzlərlə modul tikili əraziyə daşınacaq. Layihə çərçivəsində yaradılacaq yaşayış kompleksinin növbəli iş sistemi ilə birlikdə 5 min nəfərə qədər insana xidmət göstərə biləcəyi bildirilir.
Bizim.Media xəbər verir ki, San Juan əyalətində inşa ediləcək kompleks yalnız yataqxanalardan ibarət olmayacaq.
Burada yeməkxanalar, ofislər, sosial məkanlar və müxtəlif xidmət obyektləri yaradılacaq.
İlk mərhələdə təxminən 2 500 nəfərin yerləşdirilməsi planlaşdırılır, lakin işçi növbələrinin dəyişməsi ilə daha çox insanın bu mərkəzdən istifadə edəcəyi gözlənilir.
Layihədə istifadə olunacaq modul tikililər Çində hazırlanacaq və hazır hissələr şəklində Argentinaya göndəriləcək. Şirkətlər çətin dağlıq relyef və sərt iqlim şəraiti səbəbindən ənənəvi tikinti üsullarından imtina edərək prefabrik sistemlərə üstünlük veriblər. Bu üsul yaşayış və iş sahələrinin daha qısa müddətdə istifadəyə verilməsinə imkan yaradır.
Vicuña layihəsi Argentina ilə Çili sərhədində yerləşən Josemaría və Filo del Sol yataqlarını əhatə edir. Layihə Avstraliyanın BHP və Kanadanın Lundin Mining şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir. Mədən sahəsində mislə yanaşı, qızıl və gümüş ehtiyatlarının da olduğu bildirilir. Şirkətlər uzunmüddətli perspektivdə Vicuña-nın dünyanın ən iri mis, qızıl və gümüş istehsal mərkəzlərindən birinə çevriləcəyini gözləyirlər.
Təxminən 18 milyard dollar investisiya potensialına malik olan layihə Argentina tarixində ən böyük xarici investisiyalardan biri hesab olunur. İlk hasilatın 2030-cu ildə başlaması planlaşdırılır. Ekspertlərin fikrincə, layihə tamamlandıqdan sonra Argentinanın qlobal mis bazarındakı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirə bilər. (musavat.com)
Bizim.Media

































































































