Nigeriyanın şimal-şərqindəki Borno əyalətində may ayından bəri davam edən vəba epidemiyası nəticəsində azı 74 nəfər dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi "Sərhədsiz Həkimlər" beynəlxalq humanitar təşkilatına istinadən məlumat yayıb.
Təşkilatın məlumatına görə, təsdiqlənmiş yoluxma hallarının sayı 7 850-yə çatıb. Müqayisə üçün qeyd edək ki, hələ iyunun 3-də əyalət rəsmiləri 4 204 yoluxma və 39 ölüm halı barədə məlumat vermişdilər.
Epidemiya ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edilib və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.
Nigeriya Səhiyyə Nazirliyinin məlumatına əsasən, vəba xəstəliyi Borno əyalətinin 36 rayonuna yayılıb.
Ən ağır vəziyyət bölgənin inzibati mərkəzi olan Mayduquri şəhərində müşahidə olunur. Belə ki, bütün yoluxma hallarının yarısından çoxu məhz bu şəhərdə qeydə alınıb.
Bizim.Media



































































































