Gürcülərin Paris SƏRGÜZƏŞTLƏRİ - Rusiyadan belə "qisas almaq" istədilər

Hazırda oxunan: Gürcülərin Paris SƏRGÜZƏŞTLƏRİ - Rusiyadan belə "qisas almaq" istədilər

618188

Parisdə Fransanın nüfuzlu kitabxanalarından rus klassik ədəbiyyatının nadir və qiymətli nəşrlərini oğurlamaqda ittiham olunan 7 Gürcüstan vətəndaşının məhkəmə prosesi başlayır.

Bizim.Media xəbər verir ki, “France 24" telekanalının məlumatına görə, bu cinayət işi son illərdə bütün Avropa miqyasında fəaliyyət göstərən mütəşəkkil cinayətkar şəbəkəyə qarşı aparılan irihəcmli beynəlxalq araşdırmanın bir hissəsidir.

Şəbəkə üzvlərinin əsas hədəfi Aleksandr Puşkin, Nikolay Qoqol və Mixail Lermontov kimi dahi rus yazıçılarının XIX əsrə aid ilk və nadir nəşrləri olub. Oğurlanan kitabların ümumi dəyəri milyonlarla avro ilə ölçülür.
 

Cinayətkarlar olduqca peşəkar metoddan istifadə ediblər. Onlar kitabxanalara özlərini alim və ya tədqiqatçı kimi təqdim edərək daxil olub, orijinal kitabların ölçülərini götürüb şəkillərini çəkiblər. Daha sonra isə orijinalları yüksək keyfiyyətli saxta nüsxələrlə (faksimile) əvəzləyərək binadan çıxarıblar. Kitabxana rəhbərlikləri oğurluğu aylarla hiss edə bilməyib. Bəzi hallarda isə onlar sadəcə gecə vaxtı pəncərələri sındıraraq içəri daxil olublar.


İstintaqın məlumatına görə, Avropadan oğurlanmış nadir kitabların böyük bir hissəsi sonradan Moskva və Sankt-Peterburqdakı gizli hərraclarda satılıb ki, bu da onların geri qaytarılmasını demək olar ki, qeyri-mümkün edir.

Təqsirləndirilən şəxslərə qarşı "mütəşəkkil cinayətkar dəstə yaratmaq", "mədəni və tarixi sərvətləri oğurlamaq" maddələri ilə ittiham irəli sürülüb. Onları 10 ilə qədər həbs cəzası gözləyir.

Müttəhimlərdən ikisi barəsində həbs qətimkan tədbiri qiyabi seçildiyindən onlar qiyabi mühakimə olunurlar (beynəlxalq axtarışdadırlar).

Digər iki nəfər isə daha əvvəl Litva və Estoniyada analoji kitab oğurluqlarına görə cəza çəkən məbuslardır. Onlar Parisdəki prosesdə iştirak etmək üçün müvəqqəti olaraq Fransa tərəfinə təhvil veriliblər.

Xatırladaq ki, analoji oğurluq halları Almaniya, Polşa, Finlandiya, İsveçrə, Çexiya, Latviya və Estoniyada da qeydə alınıb. Bu səbəbdən Avropol (Europol) və Avrocast (Eurojust) qurumlarının dəstəyi ilə birgə beynəlxalq istintaq qrupu yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin