Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu barəsində həbs qərarı çıxarmış Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xan vəzifəsindən müvəqqəti olaraq uzaqlaşdırılıb.
Bizim.Media xəbər verir ki, Bu barədə qərar BCM-in rəhbər orqanı olan Roma Statusunun İştirakçı Dövlətlər Assambleyasının Bürosu tərəfindən qəbul edilib.
Qərar BMT-nin Daxili Nəzarət Xidmətləri Ofisinin (OIOS) apardığı 18 aylıq araşdırmanın materiallarına əsaslanır.
56 yaşlı britaniyalı hüquqşünas Kərim Xanın vəzifəsindən kənarlaşdırılmasına səbəb onun öz ofisində çalışan xanım köməkçisinə qarşı qeyri-etik və cinsi xarakterli təzyiqlər göstərməsi ilə bağlı irəli sürülən ittihamlardır.
Diplomatik mənbələrin verdiyi məlumata görə, məhkəmənin icraçı bürosu araşdırmanın nəticəsi olaraq Kərim Xanın ciddi qanun pozuntusuna (görünməmiş intizamsızlığa) yol verdiyi qənaətinə gəlib və onun vəzifədən tamamilə azad edilməsini tövsiyə edib.
Prokurorun gələcək taleyi barədə son qərarı BCM-ə üzv olan 125 dövlətin nümayəndələri yaxın vaxtlarda keçiriləcək xüsusi sessiyada gizli səsvermə yolu ilə müəyyən edəcəklər. Onun vəzifədən çıxarılması üçün ən azı 63 ölkənin dəstəyi lazımdır.
Assambleya Bürosu bəyan edib ki, bu müvəqqəti kənarlaşdırma araşdırmanın son nəticəsi mənasına gəlmir və yekun qərar qəbul olunana qədər qüvvədə qalacaq.
Qeyd edək ki, Kərim Xan ona qarşı irəli sürülən bütün ittihamları qətiyyətlə rədd edir və bu qərarı qanunsuz, ədalətsiz adlandırır. O, hələ ötən ilin may ayında araşdırma müddətində fəaliyyətini könüllü olaraq dondurmuşdu və bu qərar məhkəmənin cari işinə praktik olaraq ciddi təsir göstərməyəcək.
Bizim.Media




































































































