“Rusiya Ermənistan parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını gözləyir və səsvermə prosesi ilə bağlı yayılan məlumatları diqqətlə izləyir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Administrasiyasının sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
“Biz yekun nəticələri gözləyirik. Hələlik isə bu seçkilərlə bağlı yayılan bütün məlumatları diqqətlə qeydə alırıq. O cümlədən seçkilər zamanı baş verdiyi bildirilən çoxsaylı pozuntularla bağlı məlumatları da izləyirik”, – deyə Peskov bildirib.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçirilib. Səsvermədə 16 partiya və 2 blok olmaqla ümumilikdə 18 siyasi qüvvə iştirak edib.
Rəsmi məlumatlara görə, seçici fəallığı 58,97 faiz təşkil edib və 1 milyon 476 min 597 nəfər səs verib. Ermənistanda parlamentə düşmək üçün partiyalar üçün 4 faiz, seçki blokları üçün isə 8 faiz seçki baryeri müəyyən edilib.
100 faiz bülletenlərin hesablanmasının yekununa əsasən, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası 49,825 faiz səs toplayıb.
Rusiyaya yaxın mövqeyi ilə tanınan “Güclü Ermənistan” bloku 23,281 faiz, “Ermənistan” bloku isə 9,934 faiz səs qazanıb.
Qaqik Sarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” Partiyası isə 3,996 faiz səs əldə edib.
Bizim.Media






































































































