Mayın sonunda Yaponiyada itkin düşən Oborn Universitetinin Mühəndislik fakültəsinin 20 yaşlı tələbəsi Ceyms "Ueston" Hiqqinbotamın (James "Weston" Higginbotham) Kioto yaxınlığındakı dağlıq ərazidə cəsədi tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə onun anası Nensi Hiqqinbotam məlumat yayıb, xəbəri "CBS News" telekanalı dərc edib.
Anasının sözlərinə görə, gəncin cəsədini könüllü axtarış-xilasetmə qrupu aşkarlayıb. Ölümün dəqiq səbəbi və hadisənin təfərrüatları hələlik açıqlanmır.
Ueston Hiqqinbotam mayın 29-da ailəsi ilə birlikdə Yaponiyaya səyahəti zamanı yoxa çıxıb. O, valideynləri və qardaşı ilə ölkəni gəzsə də, itkin düşdüyü gün ailəsi məbədi ziyarət edərkən tək qalmaq qərarına gəlib. Sonradan valideynləri ailədaxili məkan izləmə proqramı vasitəsilə onun hərəkətdə olduğunu görsələr də, gənc mesajlara cavab verməyib.
Amerikalı tələbə sonuncu dəfə Kiotodakı dəmir yolu vaxtzalının yaxınlığında görülüb. Yaxınları onun ətrafdakı dağlıq turizm marşrutlarından birinə tərəf yollandığını təxmin edirdilər. Anası daha əvvəl oğlunun yürüş zamanı yaralana və ya azaraq köməksiz qala biləcəyindən narahatlığını ifadə etmişdi.
Axtarış işlərinə 100-dən çox polis əməkdaşı, kinoloqlar və helikopterlər cəlb olunub. Yaponiya rəsmiləri aktiv axtarış əməliyyatını dayandırdıqdan sonra ailə xüsusi peşəkar xilasetmə komandası muzdla tutaraq fəaliyyəti davam etdirib.
Nensi Hiqqinbotam yaydığı bəyanatda Yaponiyada, ABŞ-da və dünyanın digər ölkələrində oğlunun axtarışına kömək edən hər kəsə təşəkkürünü bildirib.
"Əziz Uestonumuzla keçirdiyimiz zaman üçün sonsuz dərəcədə minnətdarıq, lakin hələlik onsuz necə yaşayacağımızı təsəvvür edə bilmirik", — deyə ana qeyd edib.
Ailə bu ağır itki dövründə onların şəxsi həyatının toxunulmazlığına hörmətlə yanaşılmasını xahiş edib.
Bizim.Media




































































































