Ukrayna daha 70 milyard avroluq hərbi yardım alacaq

Hazırda oxunan: Ukrayna daha 70 milyard avroluq hərbi yardım alacaq

617603

Şimali Atlantika Alyansının (NATO) Türkiyədə keçiriləcək iyul sammiti zamanı üzv ölkələr Kiyev üçün 70 milyard avro dəyərində yeni hərbi dəstək paketini elan edə bilərlər.

Bizim.Media xəbər verir ki, bu barədə "Politico" nəşri NATO-nun diplomatik dairələrindəki mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu planın təşəbbüskarı ötən ay müvafiq təkliflə çıxış edən Almaniyadır. Yeni model maliyyələşdirməni daha şəffaf etmək və Alyans daxilindəki mübahisələri tənzimləmək məqsədi daşıyır, çünki bəzi dövlətlər maliyyə yükünün qeyri-bərabər bölünməsindən narazılıqlarını ifadə edirdilər.

Media orqanlarının məlumatına görə, Ukraynaya yardım mövzusu iyulun 7-8-də Ankarada keçiriləcək liderlərin görüşünün mərkəzi mövzusu olacaq.

Ukraynanın NATO yanındakı səfiri Alyona Getmançuk vurğulayıb ki, yeni paketlər Kiyevin ilkin ehtiyaclarına cavab verməlidir — söhbət xüsusilə HHM (hava hücumundan müdafiə) sistemlərindən, uzaqmənzilli döyüş sursatlarından, həmçinin pilotsuz uçuş aparatları (PUA) və raket silahlarının istehsalının genişləndirilməsindən gedir.

"Ukrayna effektiv təhlükəsizlik zəmanətləri alana qədər biz yalnız tərəfdaşlarımızın təqdim etdiyi maliyyə zəmanətlərinə güvənə bilərik", — deyə Getmançuk bildirib.

Hazırda Ukraynanın müttəfiqləri, NATO-nun Baş katibi Mark Ruttenin ölkələrin ÜDM-nin 0,25%-ni Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına ayırmaq ideyasının may ayında bloklanmasından sonra, diqqəti məhz Almaniyanın layihəsinə yönəldiblər. Diplomatlar qeyd edirlər ki, müzakirələr hələ başlanğıc mərhələsindədir və iyunun sonunda müdafiə nazirlərinin görüşü zamanı konsensusun əldə olunmasına çalışılacaq.
 

Nəzərə almaq lazımdır ki, 70 milyard avroluq paket tamamilə yeni və əlavə vəsaitlərdən formalaşmayacaq. Plana əsasən, bu məbləğin 30 milyard avrosu Avropa İttifaqının Ukrayna üçün əvvəllər təsdiqlədiyi ikiillik 90 milyard avroluq kreditindən cəlb olunacaq, qalan 40 milyard avro isə ölkələrin Kiyevlə birbaşa ikitərəfli müqavilələri vasitəsilə təmin ediləcək.


Bununla belə, NATO-nun pərdəarxası dairələrində Avropa ittifaqı vəsaitlərinin bu prosesə cəlb edilməsinin ayrı-ayrı dövlətlərin öz şəxsi resurslarını ayırmaq motivasiyasını azalda biləcəyindən ehtiyat edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin