İsveçin ən böyük həbsxanasında ilk dəfə azyaşlı məhbuslar yerləşdiriləcək

Hazırda oxunan: İsveçin ən böyük həbsxanasında ilk dəfə azyaşlı məhbuslar yerləşdiriləcək

617597

İsveçdə 60 ildir yalnız yetkin yaşlı şəxslərin saxlanıldığı ölkənin ən böyük cəzaçəkmə müəssisələrindən biri olan "Kumla" həbsxanasında azyaşlı məhbusların qəbuluna hazırlıq işlərinə başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Artıq müəssisədə korpuslardan birinin yenidən qurulmasına başlanılıb: otaqlara yeni mebellər yığılır, əvvəllər iki nəfər üçün nəzərdə tutulmuş kameralardan əlavə çarpayılar yığışdırılır, tədris sinifləri yaradılır və divarlar daha sakit rənglərə boyanır. İlkin məlumata görə, yaxın həftələrdə bura 13 yaşından yuxarı olan ilk oğlan məhbuslar yerləşdirilə bilər.

 

Bu qərar İsveç parlamentinin cinayət qanunvericiliyində etdiyi islahatlarla bağlıdır. Yeni dəyişikliklərə əsasən, ağır cinayətlər törətmiş 15–17 yaşlı yeniyetmələr cəzalarını həbsxanalarda çəkə biləcəklər. İyun ayında isə minimum cəza müddəti 4 ildən başlayan ən ağır cinayətlərə görə cinayət məsuliyyəti yaşının 13-ə endirilməsi ilə bağlı səsvermə gözlənilir.


Səlahiyyətlilər bu islahatı mütəşəkkil cinayətkarlığın artması və yeniyetmələrin narkotik ticarəti, silahlı cinayətlər, eləcə də fırıldaqçılıq kimi qanunsuz fəaliyyətlərə cəlb olunması ilə əsaslandırırlar. Məlumata görə, son onillikdə İsveçdə məhbusların sayı iki dəfəyə yaxın artıb.

Bu təşəbbüs hüquq müdafiəçiləri, vəkillər, həmçinin UNICEF və "Save the Children" kimi beynəlxalq təşkilatlar tərəfindən kəskin tənqid olunub.

Ekspertlər uşaqların həbsxanaya salınmasının beynəlxalq standartlara zidd olduğunu və onların gələcək inkişafına mənfi təsir göstərəcəyini bildirirlər.

"Kumla" həbsxanasının rəhbərliyi azyaşlılarla işləməyin ciddi çətinliklər yaradacağını etiraf edib. Yeniyetmələrin böyüklərdən tamamilə təcrid olunmuş şəkildə, fərdi kameralarda saxlanılması, eləcə də onların təhsili və reabilitasiya proqramları ilə təmin edilməsi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin