"Google"un sabiq rəhbəri keçmiş məşuqəsindən 10 milyon dollar təzminat alacaq

Hazırda oxunan: "Google"un sabiq rəhbəri keçmiş məşuqəsindən 10 milyon dollar təzminat alacaq

616752

"Google" şirkətinin keçmiş baş icraçı direktoru Erik Şmidə qarşı keçmiş məşuqəsi tərəfindən irəli sürülmüş zorlama ittihamları rəsmən "yalan" hesab edilib.

Bizim.Media xəbər verir ki, "Page Six" nəşrinin əldə etdiyi məlumata görə, münsiflər məhkəməsinin qərarı ilə gənc qadın milyarderə dəymiş ziyana görə 10 milyon dollardan çox təzminat ödəməli olacaq.

İş üzrə hakim, Vaşinqton ştatının istefada olan hakimi Bet Endrus qərara alıb ki, 32 yaşlı Mişel Ritter Şmidi "cinsi zorakılıq və təcavüzdə yalandan və qəsdən ittiham edərək böhtan atmaqla" məşğul olub. Hakim həmçinin vurğulayıb ki, Ritter öz ittihamları ilə bağlı andaltı ifadə verməkdən yayınmaq üçün "əlindən gələni" edib.

"Ritterin Şmid tərəfindən zorlanması barədə bəyanatını yalan hesab edirəm. Şmid and içərək Ritteri nə vaxtsa cinsi zorakılığa və ya fiziki təhqirə məruz qoyduğunu qəti şəkildə təkzib edir", — deyə Endrus arbitraj araşdırmasının aralıq qərarında yazıb.
 

Arbitr əlavə edib: "Onun ittihamları ya elə başlanğıcdan yalan olub — hansı ki, özü bunu çox yaxşı bilirdi və sonrakı sənədlər də bunu təsdiqlədi, — ya da Ritter 14 milyon dollar şəxsi ödəniş və valideynləri üçün daha 1 milyon dollar qarşılığında yalan ifadə imzalamağa hazır olub..."


Bu qeyd Ritterin daha əvvəl Şmid ilə məhkəməyəqədərki razılaşma çərçivəsində imzaladığı bəyanata aiddir. Həmin sənəddə o, Şmid ilə olan bütün təmaslarının "istisnasız olaraq qarşılıqlı razılıq əsasında" baş verdiyini və "heç vaxt məcburiyyət və ya təzyiq nəticəsi olmadığını" şəxsən təsdiqləyib.

Hazırda arbitr Ritterin Şmidə 10,7 milyon dollar ödəməsi barədə öhdəlik qoysa da, bir neçə həftədən sonra yekun qərar verilərkən bu məbləğin artacağı gözlənilir.

Hakim Endrus Ritteri öz ittihamlarını sosial şəbəkələrə çıxardığı üçün də sərt şəkildə tənqid edib:
 

"Ritter real qurbanların mənafeyi naminə deyil, öz şəxsi mənfəəti üçün sistemlə manipulyasiya etmək məqsədilə kütləvi platformadan istifadə etmək qərarına gəlib... Ritterin hədə-qorxu gəlmək və Şmidi cəzalandırmaq məqsədilə irəli sürdüyü rüsvayçı və yalan cinsi zorakılıq bəyanatları, cinayətin əsl qurbanları üçün ədalətin tapılmasını sarsıdır və çətinləşdirir".


Mişel Ritter 2021-ci ildən 2024-cü ilə qədər Şmid ilə romantik münasibətdə olub. Bu müddət ərzində Silikon Vadisinin nəhəngi onun "Steel Perlot" adlı süni intellekt startapına 100 milyon dollar investisiya qoyaraq layihəni maliyyələşdirib. Lakin 2024-cü ilin mayına doğru cütlüyün münasibətləri tamamilə çıxılmaz vəziyyətə düşüb.

Ötən ilin sentyabrında Ritter Los-Anceles dairəsinin Ali Məhkəməsinə səs-küylü bir iddia ərizəsi təqdim edib. İddiada o, 71 yaşlı Şmidin 2021-ci ildə Meksika sahillərində yaxtada ona hücum etdiyini, daha sonra isə bunu 2023-cü ildə "Burning Man" festivalında təkrarladığını iddia edirdi.
 

"O, hamamda arxamca gəldi, məni divara sıxıb zorladı", — deyə Ritter əvvəllər bildirmişdi. — "Ona dayanması üçün yalvarırdım və mənə ağrı verdiyini qışqırırdım, lakin o, yalvarışlarıma məhəl qoymadı. Səhəri gün isə Şmid məni hər şeyin xoşuma gəldiyinə inandırmağa çalışırdı".


O, həmçinin iddia edirdi ki, 2023-cü ilin avqustunda Nevadada keçirilən "Burning Man" festivalında Şmid o yatarkən onu cinsi əlaqəyə məcbur edib: "Ona açıq şəkildə “yox” dedim və onu dayandırmağa çalışdım, lakin təcrübəmdən artıq bilirdim ki, fiziki müqavimət faydasızdır və vəziyyəti daha da pisləşdirəcək".

Bundan əlavə, Ritter "Google"un sabiq rəhbərini (bu vəzifəni 2001-ci ildən 2011-ci ilə qədər tutub) gizli vayerizm (gözətçilik), izləmə (stalkinq) və həm onun, həm də şirkətin digər əməkdaşlarının arxasınca casusluq etmək üçün "Google" serverlərinə "bekdor" (gizli uzaqdan giriş) yaratmaqda ittiham edirdi.
 

Cütlüyün münasibətləri 2024-cü ilin əvvəlində, mətbuata Şmidin başqa bir 22 yaşlı gənc qadınla fotoları sızdıqdan sonra başa çatıb. Ritterin sözlərinə görə, ayrılandan sonra milyarder tərəfindən onun tam şəkildə izlənilməsi daha da güclənib.


Erik Şmidin özü isə artıq 46 ildir ki, həyat yoldaşı Vendi ilə rəsmi nikahdadır (onlar 1980-ci ildə evləniblər). Bir müddət əvvəl milyarderin 27 yaşlı model və iqtisadçı Qloriya-Sofi Burkandtlə (Bavariyanın baş naziri Markus Zöderin qızı) sevgi macərası olduğu iddia edilsə də, insayderlərin sözlərinə görə, hazırda Şmid heç kimlə ciddi münasibətdə deyil.

Mişel Ritter isə öz yeni məhkəmə bəyanatında arbitrajın nəticələrini "yalan, şərəf və ləyaqəti ləvələyən və böhtan xarakterli" adlandırıb və ona öz sübutlarını tam həcmdə təqdim etmək imkanı verilmədiyindən şikayətlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin