Fransanın 20-dən çox şəhərində may ayının ən yüksək temperaturu qeydə alınıb. Böyük Britaniya isə Avropanın böyük bir hissəsini bürümüş isti hava dalğası ilə may ayı üçün milli temperatur rekordunu qırıb.
Bizim.Media xəbər verir ki, Böyük Britaniyanın "Met Office" meteorologiya xidmətinin məlumatına görə, London yaxınlığındakı Hitrou hava limanında temperatur 33,5°C-ə çatdıqdan sonra rekord qırılıb. Bazar ertəsi və çərşənbə axşamı günlərində temperaturun 35°C-ə qədər yüksələcəyi gözlənilir.
Sinfoptiklər xəbərdarlıq edirlər ki, İspaniyada həftənin sonuna qədər temperatur 40°C-ə qədər qalxa bilər.
Fransanın "Météo France" meteorologiya xidməti baş verənləri "vaxtından əvvəl, qeyri-adi və uzunmüddətli" isti dalğası kimi xarakterizə edib. Proqnozlara görə, bu vəziyyət daha bir neçə gün davam edəcək. Buna səbəb kimi "isti günbəzi" (heat dome) adlanan atmosfer hadisəsi göstərilir. Bu zaman Mərakeşdən daxil olan isti hava yüksək təzyiq sahəsinin altında sıxılıb qalır.
Ekspertlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi səbəbindən Avropada bu cür hadisələr daha tez-tez baş verəcək və intensivliyi artacaq. Klimatoloqların qiymətləndirmələrinə görə, Avropada iyun isti dalğalarının baş vermə ehtimalı əvvəlki dövrlə müqayisədə təxminən 10 dəfə çoxdur. Analoji tendensiya artıq may ayında da özünü göstərməyə başlayır.
Fransada 31 departament, o cümlədən narıncı xəbərdarlıq səviyyəsi elan olunmuş 8 region yüksək temperatur təhlükəsi rejiminə keçirilib. Meteorologiya xidməti 2004-cü ildə xəbərdarlıq sisteminin tətbiqindən bəri ilk dəfədir ki, may ayı üçün bu sistemi aktivləşdirib.
Bəzi yerlərdə temperatur 36°C-ə çatıb. Parisdə 32,6°C, Bordoda 34,2°C, Briv-la-Qayard şəhərində isə 35,3°C qeydə alınıb ki, bu da əvvəlki may rekordundan təxminən 2°C yüksəkdir.
İspaniyada da istilər güclənir. Həftəsonu bəzi cənub rayonlarında temperatur normadan 5–10°C yüksək olmaqla 38°C-ə çatıb. Sinoptiklər həftənin sonuna qədər istilərin daha da güclənəcəyini, Qvadiana, Qvadalkivir və Ebro vadilərində maksimum temperaturun 36–38°C, bəzi yerlərdə isə 40°C-yə qədər qalxacağını proqnozlaşdırırlar.
Böyük Britaniyanın bəzi bölgələrində isə temperatur ardıcıl üç gün ərzində 26–28°C-dən yuxarı qala bilər ki, bu da rəsmi olaraq isti dalğa hesab olunur.
Meteoroloqlar qeyd edirlər ki, mövcud vəziyyət Avropada son illərin ən erkən və ən intensiv isti dalğalarından biridir.
Bizim.Media





































































































