Almaniyanın 163 illik tekstil şirkəti ağır maliyyə böhranı səbəbilə iflas etdiyini açıqlayıb. Şirkətin mağazalarında böyük endirim kampaniyaları başladılıb və bəzi məhsulların qiyməti yarıbayarı aşağı salınıb.
Bizim.Media xəbər verir ki, uzun illər Avropanın ən tanınmış tekstil markalarından biri hesab olunan şirkətin artan istehsal xərcləri, zəifləyən satışlar və iqtisadi durğunluq səbəbilə fəaliyyətini davam etdirməkdə çətinlik çəkdiyi bildirilib.
İflas qərarından sonra mağazalarda stokların sürətlə əriməsi üçün böyük endirimlər tətbiq olunmağa başlanıb.
Məlumata görə, bəzi geyim və ev tekstili məhsullarında endirimlər 50 faizə qədər çatıb. Xüsusilə uzun illər markanın daimi müştərisi olan şəxslərin mağazalara böyük maraq göstərdiyi qeyd olunur. Kampaniya səbəbilə bir çox filialda rəflərin sürətlə boşaldığı bildirilir.
Şirkətin iflası yüzlərlə işçinin gələcəyini də sual altına salıb. Rəhbərlik bəzi mağazaların fəaliyyətini davam etdirməsi üçün investor axtarışlarının sürdüyünü açıqlayıb. Bununla yanaşı, bütün filialların açıq qalıb-qalmayacağı ilə bağlı hələ yekun qərar verilməyib.
Mütəxəssislər son illərdə Avropada ənənəvi tekstil və pərakəndə satış şirkətlərinin onlayn alış-veriş platformaları və dəyişən istehlak vərdişləri səbəbilə ciddi təzyiq altında olduğunu bildirirlər. (Musavat.com)
Bizim.Media





























































































