Tikilməkdə olan bina uçdu: 40-dək insan dağıntılar altında qaldı

Hazırda oxunan: Tikilməkdə olan bina uçdu: 40-dək insan dağıntılar altında qaldı

615111

Filippində bazar günü tikilməkdə olan çoxmərtəbəli binanın uçması nəticəsində 40-a yaxın insan dağıntılar altında qalıb.

Hazırda hadisə yerində xilasetmə işləri davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Rəsmi şəxslərin bildirdiyinə görə, dağıntılar arasında olanlardan 5 nəfərin yeri dəqiq müəyyənləşdirilib ki, onlardan da ikisi ilə xilasedicilər arasında birbaşa əlaqə qurulub. Digər 18 fəhlənin isə hələ də beton konstruksiyaların altında olduğu ehtimal edilir.

Bölgənin Yanğından Mühafizə Bürosunun məlumat şöbəsinin əməkdaşı Mariya Liya Sacili keçirdiyi brifinqdə bildirib:

"Hazırda dağıntılar altında qaldığı təsdiqlənən 5 nəfər var. Bundan əlavə, bu gün növbədə olan tikinti fəhlələrinin siyahısında adları yer alan 18 nəfər barədə hələ ki, ailələrindən heç bir məlumat ala bilməmişik. Beləliklə, ilkin qiymətləndirmələrə görə, tələyə düşənlərin ümumi sayı 23 nəfərə çatır".

Hadisə ölkənin paytaxtı Maniladan şimalda yerləşən Anxeles şəhərində qeydə alınıb.

Sacilinin sözlərinə görə, hadisə zamanı yaxınlıqda olanlar da daxil olmaqla, ümumilikdə 24 nəfər xilas edilib. Hazırkı saata olan məlumata görə, ölüm hadisəsi qeydə alınmayıb.
 

Anxeles şəhərinin informasiya xidmətinin rəsmisi Cey Pelayo isə Reuters-ə verdiyi müsahibədə bildirib ki, xilas edilənlər arasında yaxınlıqdakı oteldə qalan 51 yaşlı Malayziya vətəndaşı da var. Binanın uçması nəticəsində həmin otelə də ciddi ziyan dəyib.


Pelayo yerli "DZBB" radiosuna açıqlamasında qeyd edib ki, dağıntılardan qaçaraq canını qurtara bilən tikinti briqadirinin verdiyi məlumata görə, ümumilikdə binanın altında qalanların sayı 30 ilə 40 nəfər arasında dəyişir.

Rəsmilər binanın uçma səbəblərinin araşdırıldığını bəyan etsələr də, ilkin təhqiqat sənədlərində ciddi qayda pozuntuları aşkarlanıb. Belə ki, təsdiqlənmiş rəsmi icazə sənədlərinə əsasən, bina 9 mərtəbəli kondominium-otel kimi planlaşdırılıb.

Lakin tikinti zamanı layihədən kənara çıxılaraq binanın üzərində qanunsuz olaraq 10-cu mərtəbənin ucaldıldığı və orada üzmə hovuzunun inşa edildiyi müəyyən olunub. Ekspertlər konstruksiyanın bu ağırlığa tab gətirməyərək çökdüyünü ehtimal edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin