İtaliyanın qədim Pompey şəhərində aparılan yeni araşdırmalar nəticəsində eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi zamanı həyatını itirən bir həkimin qalıqları müəyyən edilib.
Bizim.Media xəbər verir ki, alimlər bu tapıntını son illərin ən diqqətçəkən arxeoloji kəşflərindən biri hesab edir.
Araşdırmalar Pompey Arxeoloji Parkında saxlanılan və ilk dəfə 1961-ci ildə aşkar olunan insan qəliblərinin yenidən öyrənilməsi zamanı aparılıb. Həmin dövrdə arxeoloq Amedeo Maiuri tərəfindən üzüm bağı ərazisində aparılan qazıntılar zamanı ölümcül piroklastik buluddan qaçmağa çalışan 14 nəfərin qalıqları tapılmışdı.
Yeni analizlər zamanı qurbanlardan birinin yanında tibbi alətlərlə dolu kiçik qutu aşkarlanıb. Rentgen və tomoqrafiya müayinələri qutunun içərisində cərrahi alətlər, dərman və kosmetik maddələrin hazırlanması üçün istifadə olunan daş lövhə və müxtəlif metal əşyaların olduğunu üzə çıxarıb.
Bildirilir ki, bu tapıntılar həmin şəxsin həkim olduğunu deməyə əsas verir. Süni intellekt dəstəyi ilə aparılan KT müayinələri və üçölçülü modelləşdirmə texnologiyası sayəsində alimlər qutunun quruluşunu zədələmədən araşdıra biliblər.
Pompey Arxeoloji Parkının direktoru Qabriel Zuxtriegel bildirib ki, həkim qaçmağa çalışsa da, tibbi alətlərini özü ilə aparması onun başqa insanlara yardım etməyə davam etmək niyyətində olduğunu göstərir.
Tədqiqatçılar bu kəşfi “yarımçıq qalmış bir həyat hekayəsi” kimi qiymətləndirirlər. (qafqazinfo.az)
Bizim.Media







































































































