Sülh prosesi fonunda “BİNOKL DİPLOMATİYASI” - Səlibçi təfəkkürü, yoxsa neokolonial siyasət?

Hazırda oxunan: Sülh prosesi fonunda “BİNOKL DİPLOMATİYASI” - Səlibçi təfəkkürü, yoxsa neokolonial siyasət?

612925

Cənubi Qafqazda sülh prosesinin davam etməsi fonunda Ermənistan ərazisində Avropa İttifaqının müşahidə missiyası hələ də fəaliyyətdədir. Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına yönəlik addımların atıldığı, tərəflərin sülh iradəsini açıq şəkildə bəyan etdiyi bir şəraitdə xarici missiyanın bölgədə qalmasının hansı məqsədə xidmət etməsi ciddi suallar doğurur.

Məlum olduğu kimi, postmünaqişə dövründə sülh istiqamətində real addımlar atan, regionda dayanıqlı sabitliyin təmininə çalışan tərəf məhz Azərbaycandır. Ancaq Aİ missiyası guya Ermənistanı Azərbaycandan qoruyur. 

Bunun təbii ki, heç bir məntiqi izahı yoxdur.
 

Bu mənada Aİ missiyasının fəaliyyətinin uzadılması, sülh prosesindən daha çox bölgədə geosiyasi mövcudluq uğrunda mübarizə təsəvvürü formalaşdırır. Müşahidəçilərin əsas himayədarının Fransa olması isə məsələnin siyasi çalarlarından xəbər verir. Çünki hazırda Fransa Ermənistanı Rusiyadan uzaqlaşdırıb, özünün forpostuna çevirməyə çalışır.


Bir sözlə, rəsmi Parisin son illərdə Ermənistanla münasibətlərdə nümayiş etdirdiyi birtərəfli yanaşma fonunda Aİ missiyasının sərhəddə “binokl diplomatiyası”na davam edir. Bu isə regionda balanslı vasitəçilikdən daha çox, neokolonial maraqların və köhnə səlibçi təfəkkürünün yeni formada təzahürüdür.

Aİ missiyasının özünü “xilaskar” kimi göstərmək cəhdi

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, Aİ missiyası regionda qalmaqla özünü guya Ermənistanın xilaskarı kimi göstərməyə çalışır:

“Azərbaycan Ermənistan münasibətləri normallaşmağa doğru gedir. Sülh prosesinin əsas meyarı da Azərbaycandır. İkinci Qarabağ savaşından dərhal sonra Azərbaycan dövləti qarşı tərəfə sülh münasibətlərinin formalaşması üçün addımlar atmağı təklif etdi. Nəhayət keçən ilin avqustun 8-də Vaşinqtonda çərçivə sülh müqaviləsi paraflandı.
 

İrəvan konstitusion müstəvidə Azərbaycana ərazi iddialarından da geri çəkiləcəyi təqdirdə Ermənistanla yekun sülh müqaviləsinin imzalanacağı gözlənilir. Bakı həmçinin humanizm prinsiplərindən çıxış edərək, Ermənistana mal-məhsul idxalının keçməsinə qoyulan məhdudiyyəti də aradan götürüb. 


Ermənistanla diplomatik münasibətlər də formalaşmaq ərəfəsindədir. Bütün bunların fonunda təəssüf ki, hələ də bir sıra Avropa təssisatları özlərini Ermənistanın xilaskarı kimi göstərməklə buradan bölgəyə nüfuz etməyə cəhd edirlər”.

Aİ missiyasının əsas hədəfi

Deputat hesab edir ki, Aİ missiyasının bölgədə qalmaqda məqsədi  Ermənistan üzərindən bölgəyə nüfuz etməkdən ibarətdir:

“Fransa Prezidenti Makronun Ermənistanda revanşistlərin ruhlandırılmasına yönəlik son addımları, habelə sərhəddə Aİ müşahidə missiyasının qalmaqda davam etməsi, onların mandatının uzadılması bir daha onu deməyə əsas verir ki, faktiki olaraq bu təsisatlar, konkret Fransa guya İrəvanı təcavüzdən qorumaq missiyasını üzərinə götürməklə, onlara dəstək verirlər. Faktiki məqsədləri isə Ermənistan üzərindən bölgəyə nüfuz etmək, regionda öz mövcudluqlarını qoruyub saxlamaqdan ibarətdir.   

 

Lakin onlar bu planlarını Azərbaycan üzərindən reallaşdıra bilməyəcəklər. Çünki Azərbaycan müstəqil siyasət yürüdür. Ölkəmiz regionun əsas söz sahibidir. Türkiyə ilə tandemdə Azərbaycanın bölgədəki liderliyi danılmazdır. Həmin qüvvələr də Azərbaycanın içərisində olmadığı hər hansı bir layihənin reallaşmayacağının fərqindədir. Amma təəssüf ki, Aİ Ermənistanda boşluq tapıb.


Özlərini Ermənistanda xilaskar kimi təqdim edirlər. Müşahidə missiyasının əslində proseslərə heç bir təsiri yoxdur. Əksinə, bu cür addımlar bölgədə dayanıqlı sülhə nail olmağa əngəl törədir. Amma istənilən halda biz sülhə nail olacağıq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin