KTMT-dəki fəaliyyətini donduran Ermənistan artıq Avrasiya İqtisadi Birliyinə münasibətdə də deyəsən eyni addımı atmaq qərarına gəlib.
Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin(Aİİ) mayın 28-29-da Astanada keçirilən sammitində iştirak etməyəcək.
Düzdür, Paşinyan Aİİ-də iştirak etməməsinin səbəbini ölkəsində seçki kampaniyanın aparılması ilə əlaqələndirib. Amma bununla belə, görünən odur ki, İrəvan hələlik qəti addımlardan çəkinsə də, Aİİ-dən uzaqlaşmaq istəyir.
Belə olarsa, Rusiyanın buna reaksiyası necə olacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib ki, İrəvan indiki şəraitdə Aİİ-dən çıxmayacaq.
Politoloq hesab edir ki, Ermənistan yalnız Rusiya tam zəiflədikdən sonra buna gedə bilər
“Ermənistan KTMT-də fəaliyyətini dondursa da, Aİİ-də fəaliyyətini davam etdirir. Aİİ ilə bağlı vəziyyət KTMT ilə eyni deyil. Ermənistan Aİİ-yə iqtisadi cəhətdən sıx bağlıdır. Ona verəcəyi və alacağı çox şey var. Ermənistan Rusiyadan çox ucuz qiymətə qaz alır. Avropada hazırda qazın kubmetri 650 dollar olduğu halda, Ermənistan onu Rusiyadan 230 dollara alır. İrəvan Aİİ-dən çıxsa, Rusiyanın təkcə ona verdiyi qazın qiymətini qaldırması kifayətdir ki, Ermənistanda vəziyyət kəskinləşsin”.
Müsahibimiz qeyd edib ki, İrəvan asanlıqla Aİİ-dən ayrıla, Rusiya ilə iqtisadi əlaqələri kəsə bilməz:
“Paşinyan bunu etsə, ölkə daxilində belə dəstəyi olmaz və nəticədə hakimiyyətini itirəcək. Paşinyanın başı seçkilərə qarışdığından Aİİ-nin Astana sammitinə gələ bilmir. Amma öz yerinə tədbirə kimisə göndərəcək. Ümumiyyətlə, Paşinyan Rusiyanın qucağına atılmır, amma eyni zamanda onunla düşmən də olmaq istəmir”.
“İclaslara qatılmır, təşkilatda qalmağa davam edir”
Politoloq Tofiq Abbasovun sözlərinə görə, Ermənistan hökumətinin indiki siyasəti bir qədər qeyri-məntiqlidir:
“KTMT-də iştirak etməyəcəyini bəyan edir, amma eyni zamanda təşkilatda qalmaqda davam edir. Aİİ-də isə Ermənistan imtiyazlı vəziyyətdədir. Belədə İrəvan bu imtiyazı əldən vermək istəmir. Ermənistan malları Avrasiya İqtisadi İttifaqı ölkələrinin sərhədlərindən maneəsiz keçir. Burada o, imtiyazlı vergi və gömrük sistemindən yararlanır. İrəvan belədə əldə etdiyi bu üstünlüklərdən istifadə etməkdə davam edir”.
Politoloq deyib ki, İrəvan KTMT və Aİİ-dən çıxmaqda israrlıdırsa, bunu açıq bəyan etməlidir:
“Hələ ki, bunlar baş vermir. Ona görə də sözügedən qurumların keçirilən tədbirlərində iştirak etməmək sadəcə olaraq mücərrəd xarakter daşıyır. Ermənistan yetkin siyasət yeritmir. Bunlar zarafat ediləcək məsələlər deyil. Dövlətin özünün gələcəklə bağlı aydın müəyyən edilmiş siyasəti olmalıdır”.
Rüfət Sultan, Bizim.Media

- A-
- A
- A+
Dünya
10:20 / 13.05.2026
Ermənistandan gözlənilməz HƏMLƏ – Rusiyanın reaksiyası NECƏ OLACAQ?
Hazırda oxunan: Ermənistandan gözlənilməz HƏMLƏ – Rusiyanın reaksiyası NECƏ OLACAQ?
Hazırda oxunan: Ermənistandan gözlənilməz HƏMLƏ – Rusiyanın reaksiyası NECƏ OLACAQ?
612721
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































