Rusiya Xarici İşlər Nazirliyi Ermənistan hakimiyyətini Moskvaya qarşı addım atmamaq barədə verdiyi vədi pozmaqda ittiham edib.
Bizim.Media xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinqdə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi son Moskva səfərləri zamanı Rusiyaya qarşı heç bir addım atmayacağına dair təminat verib.
“Ermənistan rəhbərliyi son səfərləri zamanı əmin edirdi ki, Rusiyaya qarşı heç bir addım atmayacaq. Əgər təminatlarla bağlı vəziyyət belədirsə, deməli, Ermənistan rəhbərliyi təkcə Moskvada və təkcə Rusiya vətəndaşları ilə deyil, ümumiyyətlə, verdiyi vədləri yerinə yetirmədən bu cür davranır”, - deyə Zaxarova bildirib.
Rusiya XİN rəsmisi Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvanda qəbul olunmasına da sərt reaksiya verib.
Zaxarovanın sözlərinə görə, Rusiya cəmiyyəti Ermənistanın Zelenskiyə tribuna verməsini “dərin hiddət və anlaşılmazlıqla” qarşılayıb və bunu yadda saxlayıb.
“Bizim dost və qardaş ölkə hesab etməyə alışdığımız Ermənistan kimə tribuna verdi? Terrorçuya, neonasist Kiyev rejiminin başçısına. Onu İrəvanda çox mehriban qarşıladılar”, - deyə diplomat bildirib.
O iddia edib ki, Zelenski Ermənistan tərəfinin “anlaşılmaz nəzakətindən” istifadə edərək siyasi unutqanlıqdan çıxmağa və “çeynənmiş rusofob hücumlarını” səsləndirməyə çalışıb.
Zaxarova əlavə edib ki, Zelenskinin İrəvana səfəri Ermənistan vətəndaşlarına Avropa İttifaqının onlar üçün hazırladığı gələcəyi göstərib:
“Bu, əsl hədiyyədir. Erməni xalqına Brüsselin yetirməsini göstərdilər. O, Avropa İttifaqının “gənc demokratiyalar” adlandırılan ölkələrlə nə etdiyinin canlı təcəssümünə çevrilib”.
Qeyd edək ki, bu həftə İrəvanda Ermənistan rəhbərliyinin Avropa ölkələrinin liderləri ilə bir sıra görüşləri keçirilib. Paytaxtda Avropa Siyasi Birliyinin sammiti, Ermənistan-Avropa İttifaqı sammiti və Fransa Prezidenti Emmanuel Makronun dövlət səfəri baş tutub.
Avropa Siyasi Birliyinin sammitində Avropa İttifaqına üzv 27 ölkə ilə yanaşı, Böyük Britaniya, Ukrayna, Azərbaycan, Türkiyə və digər ölkələrin nümayəndələri iştirak ediblər.
Bizim.Media




































































































