Hollivud aktrisası Qvinet Peltrou sosial bərabərsizlik və var-dövlət mədəniyyəti ilə bağlı açıqlamalarından sonra tənqid hədəfinə çevrilib.
Bizim.Media xəbər verir ki, 53 yaşlı aktrisa “The Goop Podcast” verilişində jurnalist Kara Svişerlə Silikon Vadisinin texnologiya nəhəngləri və onların müasir cəmiyyətə təsiri barədə danışıb.
Söhbət zamanı Peltrou dünyada uğurun əsas ölçüsünün necə pul amilinə çevrildiyini sual edib:
“Biz ümumiyyətlə bura necə gəlib çıxdıq? Aydındır ki, hər şeyi böyük gəlirlər və mənfəət idarə edir. Baş verənlərin əsasında məhz bu dayanır”, - deyə aktrisa bildirib.
O, həmçinin “qaydaları pozan, sonra özləri qayda müəyyən edən və bunun insanların sağlamlığına, yaxud ümumilikdə mədəniyyətə təsiri barədə düşünməyən həddindən artıq varlı ağ kişilər” ifadəsini işlədib.
Podkastdan fraqmentlər sosial şəbəkələrdə yayıldıqdan sonra Peltrou kəskin tənqid olunub. İstifadəçilər onun özünün də milyonçu olduğunu və uzun illərdir elit həyat tərzi ilə assosiasiya edildiyini xatırladıblar.
“‘Həddindən artıq varlı ağ kişilər’? Bunu Peltroudan eşitmək olduqca gülməlidir”, - deyə istifadəçilərdən biri yazıb.
Digər şərhçi isə bildirib: “Bu, çox ironik görünür. Çünki söhbətdə iştirak edən hər iki qadın lüks həyat yaşayır. Qvinet, sənin brendinin məhsulları dəhşətli dərəcədə bahadır. Ciddisən?”.
Sosial şəbəkə istifadəçiləri aktrisanın Goop adlı wellness brendinin bahalı məhsullarını da xatırladıblar. Brend dəfələrlə yüksək qiymətləri və sağlamlıqla bağlı mübahisəli tövsiyələrinə görə tənqid olunub.
“Qvinetin sərvəti 200 milyon dollar qiymətləndirilir, ona görə də o, açıq-aşkar “sadə insanlar” kateqoriyasına aid deyil”, - deyə başqa bir istifadəçi qeyd edib.
Digəri isə istehza ilə yazıb: “Qvinet, buna “öz gözündə tiri görməmək” deyirlər”.
“The New York Times”ın 2023-cü ilin aprelində dərc etdiyi məlumata görə, Peltrounun sərvəti təxminən 200 milyon dollar qiymətləndirilir.
Qeyd edək ki, “Aşiq Şekspir” filminin ulduzu uzun illərdir reallıqdan uzaq olmaqda ittiham edilir. Aktrisa bahalı wellness məhsullarını təbliğ etdiyinə və bir çoxlarının sağlam hesab etmədiyi həyat tərzi tövsiyələrinə görə dəfələrlə tənqid olunub.
Bizim.Media






































































































