Ukrayna PUA-ları Bryansk və Rjevə zərbə endirdi: 13 yaralı var

Hazırda oxunan: Ukrayna PUA-ları Bryansk və Rjevə zərbə endirdi: 13 yaralı var

611692

Mayın 7-nə keçən gecə Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın bir sıra regionlarına kütləvi hücum edib.

Bizim.Media xəbər verir ki, Bryansk şəhərində dronlar Bejitski rayonunda iki çoxmənzilli yaşayış binasına düşüb.

Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz bildirib ki, hücum nəticəsində 20-dən çox mənzilə ziyan dəyib.

“Təəssüf ki, 13 nəfər, o cümlədən bir uşaq yaralanıb”, - deyə qubernator qeyd edib.

Onun sözlərinə görə, bütün yaralılar xəstəxanaya çatdırılıb.

Tver vilayətinin Rjev şəhərində isə dronlar üç beşmərtəbəli binaya ziyan vurub. Binalardan birində dam örtüyünün plitəsi qismən dağılıb, digər iki binada isə pəncərələr sınıb.
 

Tver vilayətinin qubernatoru Vitali Korolyov bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Onun sözlərinə görə, yaşayış binalarından 350 sakin, o cümlədən 60 uşaq təxliyə edilib. Onlar binaların xüsusi xidmətlər tərəfindən yoxlanılması başa çatana qədər yerli hotelə yerləşdiriliblər.


Bundan başqa, gecə saat 03:00-dan etibarən Soçi və Qara dəniz üzərində də pilotsuz uçuş aparatlarının vurulduğu bildirilir. Tağanroq ətrafında və Tulada da partlayış səsləri eşidilib.

Moskva vilayətində də partlayışlar qeydə alınıb. Moskva meri Sergey Sobyanin paytaxta yaxınlaşan 11 dronun vurulduğunu bildirib. Onun sözlərinə görə, təcili xidmət əməkdaşları dron qalıqlarının düşdüyü ərazilərdə işləyirlər.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən gecə hava hücumundan müdafiə sistemləri ölkə regionları üzərində ümumilikdə 347 Ukrayna PUA-sını “ələ keçirib və məhv edib”.

Dronların Rusiyanın 20 regionu, işğal altındakı Krım, həmçinin Azov, Xəzər və Qara dəniz akvatoriyaları üzərində qeydə alındığı bildirilib.

Gecə saatlarında “Rosaviasiya” Moskvanın Vnukovo hava limanında, eləcə də Kaluqa, Gelencik, Krasnodar, Yaroslavl, Nijni Novqorod, Saratov, Penza, Pskov, İvanovo, Soçi, Tambov, Ulyanovsk, Samara, Kazan, Nijnekamsk, Çeboksarı, İjevsk, Ufa və Orenburq hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edib.

Leninqrad vilayətinin bəzi rayonlarında da hava məkanı bağlanıb. Bu isə Kalininqrad istiqamətində uçuş marşrutlarına təsir göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin