ABŞ Hərbi Dəniz Qüvvələrinin qırıcısı İranın "M/T Hasna" tankerinə atəş açaraq onu sıradan çıxarıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, hadisə Oman körfəzi ərazisində baş verib. Əvvəlcə ABŞ hərbçiləri İran bayrağı altında beynəlxalq sulardan keçərək İran limanına gedən tankeri müşahidə ediblər.
İddia olunur ki, ABŞ qüvvələri gəmiyə ABŞ blokadasını pozduğu barədə dəfələrlə xəbərdarlıq etsə də, tanker reaksiya verməyib. Bundan sonra "USS Abraham Lincoln" aviadaşıyıcısından "F/A-18 Super Hornet" qırıcısı havaya qaldırılıb və o, 20 mm-lik topdan bir neçə atəş açaraq tankerin sükanını sıradan çıxarıb.
"Tanker artıq İrana doğru gedən marşrut üzrə hərəkət etmir", — deyə bəyanatda qeyd olunur.
CENTCOM-dan bildiriblər ki, ABŞ İran limanlarına daxil olmağa və ya oradan çıxmağa çalışan gəmilərin blokadasını davam etdirir.
Bizim.Media





































































































