“Ukrayna tərəfi Moskvada keçiriləcək Qələbə Gününü pozmağa cəhd edəcəyi təqdirdə Kiyevin Bankova küçəsində yerləşən prezident ofisinə zərbəsi endirə bilərik”.
Bizim.Media “gazeta.ru”ya istinadla xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının müdafiə komitəsinin üzvü Andrey Kolesnik deyib.
“Əgər təxribatlar olarsa, Kiyevin mərkəzində yerləşən inzibati binalara, o cümlədən Bankovaya zərbələr endirilə bilər. Amma bu, yalnız təxribat olacağı halda mümkündür. Silahlı qüvvələrimiz və hava hücumundan müdafiə sistemimiz hücumların qarşısını almağa hazırdır”, – deyə o vurğulayıb.
Kolesnik əlavə edib ki, Rusiyanın hava hücumundan müdafiə sistemi dünyada ən güclülərdən biri hesab olunur və Moskvaya yönələn hədəflərin əksəriyyətini məhv edir.
“Allah eləməsin ki, atəşkəs pozulsun. Belə olarsa, düşünürəm ki, ilk növbədə Bankovaya zərbə endiriləcək”, – deyə deputat bildirib.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Böyük Vətən Müharibəsində Qələbənin ildönümündə xüsusi hərbi əməliyyat zonasında atəşkəs elan edildiyini açıqlayıb. Qərarın Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə qəbul edildiyi bildirilib.
Moskva Kiyevin də bu addımı dəstəkləyəcəyinə ümid etdiyini qeyd edib. Bununla yanaşı, nazirlik mayın 9-da keçiriləcək tədbirlərin təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirlərin görüləcəyini vurğulayıb.
Bizim.Media





























































































