İranın xüsusi xidmət orqanları Britaniyada insanları cinayət və terror xarakterli fəaliyyətlərə cəlb etmək üçün “Telegram”dan istifadə edir.
Bizim.Media xəbər verir ki, bu barədə Sky News araşdırma yayıb.
Telekanalın məlumatına görə, İran xüsusi xidmətlərinə bağlı olduğu ehtimal edilən kanal əsasən yeniyetmələri və əvvəllər məhkum olunmuş şəxsləri hədəfə alır. Onlara müəyyən obyektləri və ya şəxsləri çəkmək kimi tapşırıqlar müqabilində 500 dollardan 2000 dollara qədər pul təklif olunur.
Sky News-un araşdırmasında bildirilir ki, cəlbetmə prosesi ingilis və ivrit dillərində işləyən çat-botlar vasitəsilə aparılır. Bu isə təhlükəsizlik ekspertlərində ciddi narahatlıq yaradıb. Onların fikrincə, bu metodlar Rusiya xüsusi xidmət orqanlarının daha əvvəl istifadə etdiyi üsulları xatırladır.
Britaniyanın terrorla mübarizə polisi həmin şəbəkələrin Londonda yəhudi icma mərkəzləri və farsdilli media qurumlarına qarşı son yanğın hücumlarında mümkün iştirakını araşdırır.
Mütəxəssislər hesab edirlər ki, rəqəmsal platformalar vasitəsilə belə cəlbetmə üsulları təhlükəni daha da artırır. Çünki təşkilatçılar fiziki təmas olmadan, uzaqdan və anonim şəkildə yeni icraçılar tapa bilirlər.
Bizim.Media





































































































