Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Krımda Rusiyanın bir sıra mühüm hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, məlumatı Ukrayna mənbələri yayıb.
Bildirilir ki, ötən gecə UTX-nin “Alfa” xüsusi təyinatlıları Sevastopolda Rusiya Qara dəniz donanmasının hərbi-dəniz bazasında, həmçinin “Belbek” hərbi aerodromunda xüsusi əməliyyat keçiriblər.
Məlumata görə, UTX-nin pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələr nəticəsində bir neçə hərbi hədəf vurulub. Zərbə endirilən obyektlər sırasında Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Yamal” böyük desant gəmisi, “Filçenkov” böyük desant gəmisi və “İvan Xurs” kəşfiyyat gəmisi göstərilir.
Bundan başqa, Qara dəniz donanmasının “Lukomka” təlim mərkəzi, hava hücumundan müdafiə qüvvələrinin radiotexniki kəşfiyyat qərargahı və MR-10M1 “Mıs-M1” radiolokasiya stansiyasının da hədəfə alındığı bildirilir.
Ukrayna tərəfinin məlumatına əsasən, “Belbek” aerodromunda Rusiyaya məxsus MiQ-31 qırıcısı da vurulub.
Rusiya tərəfi hələlik bu məlumatlara münasibət bildirməyib.
Hadisə ilə bağlı əlavə detallar dəqiqləşdirilir.





Bizim.Media

































































































