Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında hakimiyyətin tam təhvil verilməsi üçün bütün hazırlıqları başa çatdırıb və silahsızlanma məsələsini də nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə The New York Times hərəkatın siyasi rəhbərliyindəki iki rəsmi şəxsə istinadla yazıb.
Bu mövzu üzrə əvvəlki Reuters materiallarında da HƏMAS-ın Qəzzanın idarəsini texnokrat komitəsinə verməyə hazır olduğu bildirilirdi.
Məlumata görə, əsas problem yeni administrasiyanın hələlik birbaşa Qəzzada deyil, Qahirədə fəaliyyət göstərməsidir. Qəzzanın idarəsi üçün nəzərdə tutulan texnokrat komitəsi yanvarın 14-də formalaşdırılıb, lakin onun üzvləri indiyədək Misir paytaxtında qalıblar. Bu komitənin Qəzzada idarəetməni üzərinə götürməsi planın əsas elementlərindən biri sayılır.
Qəzetin yazdığına görə, HƏMAS yeni administrasiyada mütləq təmsil olunmaq tələbi irəli sürmür. Bununla belə, hərəkat Fələstinin siyasi həyatında qalmaq və müstəqil Fələstin dövləti qurulana qədər İsrailə qarşı müqaviməti davam etdirmək niyyətindədir. Hakimiyyətin təhvil verilməsi gözlənildiyi üçün HƏMAS daxilində yeni təyinatlar və vəzifə artımları da dayandırılıb.
Bu, Reuters-in daha əvvəl yazdığı “idarəni verməyə hazırdır, amma gələcək rolunu qorumaq istəyir” xətti ilə üst-üstə düşür.
Silahsızlanma hissəsinə gəlincə, məlumatda deyilir ki, HƏMAS polis xidməti və digər daxili təhlükəsizlik strukturlarına məxsus minlərlə atıcı silahı təhvil verməyə hazırdır. Lakin hərəkatın hərbi qanadının tam silahsızlaşdırılması məsələsində aydın mövqe göstərilməyib. Bu məsələ son həftələrdə danışıqların əsas mübahisə mövzularından biri olaraq qalır. Reuters aprelin əvvəlində HƏMAS-ın İsrailin Qəzzadan tam çıxmasına zəmanət olmadan silahı təhvil verməkdən imtina etdiyini yazmışdı.
Xatırladaq ki, martın sonunda Reuters ABŞ Prezidenti Donald Trampın “Sülh Şurası” tərəfindən HƏMAS-a bölgədə 8 aylıq mərhələli silahsızlanma planı təqdim edildiyini yazmışdı.
Həmin plan tunellər şəbəkəsinin dağıdılmasını və silahların mərhələlərlə təhvil verilməsini də nəzərdə tutur.
Buna baxmayaraq, HƏMAS uzun müddət bu tələblərə ehtiyatla yanaşıb və İsrailin öhdəlikləri ilə bağlı təminat tələb edib.
Bizim.Media



































































































