Bolqarıstanda 52-ci Xalq Məclisinə növbədənkənar seçkilər start götürüb.
Bizim.Media xəbər verir ki, yerli vaxtla saat 07:00-da ölkə üzrə 12 mindən çox seçki məntəqəsi açılıb. Məntəqələrin əksəriyyətində səsvermə xüsusi elektron qurğular vasitəsilə aparılır.
Məlumata görə, xaricdə də 55 ölkədə 493 seçki məntəqəsi fəaliyyət göstərir. Xaricdə ilk olaraq Yeni Zelandiyada yaşayan Bolqarıstan vətəndaşları səsverməyə başlayıblar.
Səsvermə hüququna malik seçicilərin sayı təxminən 6,5 milyon nəfərdir. Bununla belə, seçkilərdə təxminən 3,3 milyon nəfərin iştirak edəcəyi gözlənilir.
Seçkilərdə 24 siyasi birlik iştirak edir. Bunların 14-ü partiya, 10-u isə koalisiyadır. 240 deputat yeri uğrunda 4 786 namizəd mübarizə aparır.
İlk qeyri-rəsmi nəticələrin seçki məntəqələri bağlandıqdan sonra, saat 20:00-da açıqlanacağı gözlənilir. Bolqarıstan Mərkəzi Seçki Komissiyası seçkilərin keçirilməsi üçün bütün hazırlıqların tamamlandığını bildirib.
Qeyd olunub ki, səsvermə beynəlxalq standartlara uyğun təşkil olunur və şənbə günündən etibarən bütün məntəqələr polis nəzarətinə götürülüb. (Mənbə: TASS)

Bizim.Media









































































































