Hörmüz boğazı ətrafında müəmma davam edir. İranın boğazdan öz istəyinə uyğun istifadə etmək və buradan keçən gəmilərdən rüsum almaq niyyəti ABŞ-ı cavab addımları atmağa sövq edib. Belə ki, Ağ Ev boğaza gələn və oradan çıxan gəmiləri buraxmayacağını bəyan etməklə, faktiki olaraq Hörmüzü blokadaya alıb.
Belə olan halda, dünya iqtisadiyyatı daha böyük təhdidlərlə üz-üzə qalıb.
Maraqlıdır, sözügedən blokada daha hansı məhsulların qiymətini artıracaq və hansı ölkələr bundan daha çox zərər görəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Hörmüz boğazının bağlanması ilə bir çox ölkələrdə elektrik enerjisi və istilik xərcləri də bahalaşacaq:
“Hörmüz boğazının bağlanmasının təsiri təkcə neftlə məhdudlaşmır. Bu marşrutdan çox böyük həcmdə digər xammallar və mallar da daşınır. Belədə sözügedən vəziyyətin yaranması fonunda neftlə yanaşı, ilk növbədə mayeləşdirilmiş təbii qazın qiyməti ciddi şəkildə arta bilər. Xüsusilə Qətərdən ixrac dayandığı üçün qaz bazarında qıtlıq yaranar. Bu isə öz növbəsində bir çox ölkələrdə elektrik enerjisi və istilik xərclərini yüksəldəcək”.
İqtisadçının fikrincə, digər bahalaşan məhsul neft-kimya məhsulları olacaq:
“Çünki plastik, gübrə və sintetik materialların istehsalı üçün lazım olan xammal əsasən bu regionda hasil edilir. Bunun nəticəsində plastik məmulatlar, qablaşdırma, tekstil və kənd təsərrüfatında istifadə olunan gübrələrin qiyməti artar. Gübrə bahalaşdıqca isə ərzaq istehsalı bahalaşır və qlobal ərzaq qiymətlərinə təzyiq artır”.
Akif Nəsirli hesab edir ki, mövcud durumda dəniz nəqliyyatının sığorta və logistika xərclərinin yüksəlməsi də istisna deyil:
“Alternativ marşrutlar daha uzun və bahalı olduğuna görə konteyner daşımaları, elektronika, avtomobil hissələri və digər sənaye mallarının qiyməti də artar. Bu isə, ümumi inflyasiyanı sürətləndirən faktordur”.
Prosesdən ən çox zərər görən ölkələr isə əsasən enerji idxalından asılı dövlətlər olacaq:
“Yaponiya və Cənubi Koreya kimi sənaye ölkələri, həmçinin Hindistan və Çin kimi böyük iqtisadiyyatlar ciddi təzyiqlə üzləşir və üzləşəcəklər. Avropa ölkələri qaz və enerji qiymətlərində artım hiss edəcək. Ümumiyyətlə, belə bir blokada qlobal tədarük zəncirini pozmaqla yanaşı, enerji ilə bağlı olmayan bir çox məhsulun qiymətində də dolayı bahalaşmaya səbəb ola bilər”.
Rüfət Sultan, Bizim.Media

- A-
- A
- A+
Dünya
13:20 / 15.04.2026
Hörmüz blokadası dünya iqtisadiyyatını “VURDU” – Ən çox bu ölkələr zərər görəcək – ADLAR
Hazırda oxunan: Hörmüz blokadası dünya iqtisadiyyatını “VURDU” – Ən çox bu ölkələr zərər görəcək – ADLAR
Hazırda oxunan: Hörmüz blokadası dünya iqtisadiyyatını “VURDU” – Ən çox bu ölkələr zərər görəcək – ADLAR
607069
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































