Paytaxtda tıxacların bir çox səbəbi var. Onlardan biri də yeni tikilən binalar üçün parklanma yerlərinin az olmasıdır.
Doğrudur, bu ilin avqustunda qanunvericiliyə edilən dəyişikliyə əsasən, yeni tikilən yaşayış binalarında parklanma yerlərinin sayı müəyyən edilib.
Yeni qaydalarda görə çoxmənzilli binalarda hər mənzil üçün bir parklanma yeri nəzərdə tutulmalıdır. Mənzilin sahəsi 180 kvadratmetrdən artıq olduqda isə parklanma yeri hər mənzil üçün 1,3 ədəd olmalıdır.
Yeni qaydaların necə icra olunacağını zaman göstərəcək. Amma bugünkü reallıq kifayət qədər narahatedicidir.
MTK-lar qanunsuzluğa gedərək parklanma üçün çox az yer ayırırlar. Bəzənsə parklanma yerini səkiyə çıxarır, bir çox hallarda isə MTK-ya aid olmayan əraziləri zəbt etməklə həyata keçirirlər.
MTK-lar səkiləri niyə zəbt edir?
Bunun iki səbəbi var. Birincisi odur ki, binanın altında parkinq yerlərinin inşası kifayət qədər çox vəsait tələb edir. MTK-lar bu xərclərdən qaçmaq üçün binanın ətrafında parklanma yerləri təşkil etməyə çalışırlar.
İkinci səbəb binanın altındakı qarajların baha olmasıdır. Hazırda Bakı şəhərindəki yeraltı qarajların qiyməti 35-85 min manat arasında dəyişir. Buna görə də mənzil sahibləri onu almaqdan qaçır və yerüstü dayanacağa üstünlük verir.
Halbuki Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, binalarda qaraj kimi satılan sahələr ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Qanunvericiliyə görə, mənzillərin zirzəmisi satıla və ya kirayə verilə bilməz.
Lakin müxtəlif bəhanələrlə MTK-lar qanunvericiliyin tələblərinin icrasından qaçır. Üstəlik MTK-lar mənzil sahiblərinin parklanmaya olan tələbatını ödəmək ödəmək üçün səkiləri zəbt edir, müvəqqəti parklanma yeri təşkil edir.
Bu addım qaraj problemini qismən həll etsə də, ictimai hərəkətə ciddi əngəl yaradır. Üstəlik bu ciddi qanun pozuntusudur. MTK-lar özlərinə aid olmayan əraziləri zəbt edib, istismara yönəldirlər.
Üstəlik, yeni tikililərin qarşısındakı səkilər avtopark üçün istifadə edildiyi üçün piyadalar məcburiyyət qarşısında qalıb avtomobil yoluna çıxırlar. Bu da həyati təhlükələr yaradır.
Ən pisi də odur ki, MTK-lar binaların qarşındakı parkinq yerlərini birinci və ikinci mərtəbədəki icarədarların ixtiyarına verir.
Belə olan halda bir çox binaların qarşısındakı parklanmadan nə bina, nə də şəhər sakinləri istifadə edə bilir. Hər icarədar parklanma yerini zəncirə vurub, öz malı kimi istifadə edir. Nəticədə yeni tikililər şəhərə gözəllikdən daha çox problem gətirir.
Surxay Atakişiyev, Bizim.Media


































































































