Xəbər verdiyimiz kimi, dünən Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbində bir neçə şagirdin zəhərlənməsi ilə bağlı xəbərlər yayılıb.
Şagirdlərin popkorndan zəhərləndiyi ehtimal edilsə də, AQTA hadisənin qida zəhərlənməsi olmadığını bildirib.
AQTA-nın açıqlamasında bildirilib ki, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbində baş vermis hadisə ilə bağlı Tibb müəssisəsindən əldə edilən məlumata əsasən qida zəhərlənməsi faktı öz təsdiqini tapmayıb.
TƏBİB isə 8 şagirdə yerində yardım edildiyini açıqlayıb. TƏBİB-in məlumatına görə, onlara Rotavirus diaqnozu qoyulub.
"Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta ümumtəhsil məktəbinin bir neçə şagirdinin rotavirusa yoluxduğu məlum olub. Oktyabrın 29-da saat 15:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ceyranbatan qəsəbəsində yerləşən məktəbdən çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Briqada tərəfindən səkkiz nəfərə yerində tibbi yardım göstərilib", - məlumatda qeyd olunub.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən aldığımız məlumata görə, həmin uşaqların hamısı 7-ci sinif şagirdləridir. İkinci növbədə təhsil alan iki fərqli siniflərdə oxuyurlar.
Bu məsələdə bir neçə maraqlı sual yaranır:
Məktəbdə yerində yardım edilən uşaqlara nəyə əsasən Rotavirus diaqnozu qoyulub? Uşaqlarda hansı klinik əlamətlər müşahidə olunub?
Rotavirus diaqnozu laborator müayinələr olmadan nəyə əsasən qoyulub? Laborator müayinələr sonradan edilibsə, məktəbdə uşaqlardan nəcis nümunələri götürülüb?
Təssüf ki, bu suallarımıza TƏBİB-dən cavab ala bilmədik.
Qeyd edək ki, Rotavirus əsasən uşaqlarda qusma, sulu ishal və qızdırma ilə müşayiət olunan yoluxucu bağırsaq infeksiyasıdır. Xəstəliyin əsas təhlükəsi orqanizmin sürətlə maye itirməsi və susuzlaşmasıdır. Rotavirus xüsusilə 5 yaşdan kiçik uşaqlar, ən çox isə 2 yaşdan aşağı körpələr üçün təhlükəlidir.
Rotavirus diaqnozu uşağın klinik əlamətlərinə və laborator müayinələrin nəticələrinə əsasən qoyulur. Diaqnozu dəqiqləşdirmək üçün nəcis nümunəsində rotavirus antigeni yoxlanılır, zərurət olduqda PCR testi aparılır. Təkcə ishal, qusma və qızdırma diaqnozun təsdiqi üçün kifayət deyil. Rotavirus əsasən nəcis-ağız yolu ilə yayılır.
Belə çıxır ki, TƏBİB Rotavirus diaqnozunun hansı tibbi əsaslara söykəndiyini izah etməyə ehtiyac duymayıb. Bir neçə məktəblinin eyni vaxtda səhhətində problem yaranıb, hadisənin səbəbi ilə bağlı müxtəlif ehtimallar səsləndirilib. Belə bir vəziyyətdə ictimaiyyətə təqdim olunan açıqlama isə suallara cavab vermək əvəzinə, yeni suallar doğurub. TƏBİB-in bu cür həssas hadisəyə formal yanaşması isə müzakirə doğurub. İstənilən halda sözügedən diaqnozun hansı əsaslarla qoyulduğunu izah etmək müvafiq qurumun birbaşa məsuliyyətidir.
Fəridə, Bizim.Media































































































