Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlar Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında mümkün görüşə hazırlıq ola bilər.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixiy bildirib.
Onun sözlərinə görə, Kiyev danışıqlar qrupları səviyyəsində üçtərəfli görüşə hazırlaşır və bu görüşün noyabr ayında mümkün qədər tez keçirilməsinə ümid edir.
Danışıqlarda təhlükəsizlik məsələləri, gərginliyin azaldılması istiqamətində addımlar və mümkün təhlükəsizlik zəmanətləri müzakirə olunacaq. Ukrayna bu addımları atmağa hazırdır və Rusiyadan da eyni mövqeni gözləyir.
“Biz bu görüşü həm də liderlərin mümkün görüşünə hazırlıq mərhələsi kimi nəzərdən keçiririk. Hesab edirik ki, ən həssas məsələlərin bir qismi məhz liderlər səviyyəsində müzakirə olunmalıdır”, – deyə Tixiy qeyd edib.
O qeyd edib ki, görüşün dəqiq tarixi hələ razılaşdırılır:
“İlkin ehtimala görə, danışıqlar ABŞ-da keçiriləcək seçkilərdən sonra baş tuta bilər. Bu variantda Rusiya tərəfi israr edib. Danışıqların təşkili və keçiriləcəyi yerə Yaxın Şərqdəki vəziyyət də təsir göstərir”.
Bizim.Media



























































































