Son illər kimdən soruşursan, eyni sözü eşidirsən: “Nə yeyirəmsə, köpürəm. Həzmim pozulub, özümü narahat hiss edirəm”. Maraqlıdır, bu qədər insan şikayət edirsə, deməli həzm sistemini pozan konkret səbəb var.
Süfrəmizdə nə dəyişib?
Əslində vitrinləri bəzəyən müxtəlif qablaşdırmalı məhsullardan şikayətcil olsaq da, onların hamısının kütləvi seçim olmadığını bilirik. Belə çıxır ki, problem hər gün yediyimiz, süfrələrimizdən əskik olmayan və artıq adiləşmiş bir məhsulun, yəni xalq dili ilə desək “zavod çörəyi”nin bu məsələdə düşündüyümüzdən daha böyük rolu var. Sovet dövründən bu yana hələ də yüksək tələbatla istehsal edilən bu çörək növü milyonlarla insanın gündəlik qidasıdır.
Həqiqətən problem çörəyin özündədir, yoxsa səbəbi başqa yerdə axtarmalıyıq?
Təbii ki, mədə-bağırsaq pozuntusunu, xüsusilə xroniki köp problemini təkcə zavod çörəyinin üstünə atmaq düzgün deyil. Qıcıqlanmış bağırsaq sindromu, qidalanma vərdişləri, xüsusən qazlı içkilərə meyillilik, saqqız çeynəmək, hərəkətsizlik də mühüm rol oynayır. Amma sırf ağ undan hazırlanmış, qlütenli kömbə çörəyin də bu problemdə rolu az deyil.
Ümumiyyətlə, buğdada olan fruktanlar bəzi insanlarda qaz yaradır. Qlütenə qarşı dözümsüzlüyü olan insanlar da isə köpdən əlavə hələ allergiya riski də var. Çörək, xüsusilə ağ unla hazırlanmış - ən böyük karbohidratlardan biridir. Karbohidratlar isə bağırsaqda tam sorulmadıqda bakteriyalar tərəfindən parçalanır və qaz yaranır.
Bəs onda niyə insanlar bunu xüsusilə son illərdə daha çox dilə gətirirlər?
Qastroenteroloq Yaşar Nurəliyev Bizim.Media-ya açıqladı ki, ağ zavod çörəyinin köp yaratması mümkündür.
“Mayalanmış xəmir, istifadə olunan un və digər inqrediyentlər həzmə təsir göstərə bilər. Buğda çörəyindəki fruktanların miqdarı xəmirin hazırlanma və mayalanma üsulundan asılı olaraq dəyişir. Uzun müddətli mayalanma bəzi həssas insanlarda əlamətləri yüngülləşdirə bilər, amma bu, zəmanət deyil. Ona görə də, yeməkdən sonra, 1 saat ərzində qarın şişir. Gün ərzində qaz çox yaranır. Bəzi insanllarda qəbizlik, bəzilərində ishal olur”.
Maraqlıdır, sovet ənənəsini hələ də yaşadan bu çörək növü təkcə Azərbaycanda qalıb, yoxsa digər postsovet ölkələrində də bişirilir?
Kiçik araşdırmamızdan belə məlim oldu ki, sovet dövründən qalan standart reseptlə çörək bişirilməyi Rusiya, Moldova, Gürcüstan və Ermənistanda qalır, amma tam olaraq Azərbaycandakı kimi kömbəşəkilli deyil.
Başqa bir məsələ də də var ki, zavod çörəyinə bu qədər məhəbbət bir tək Azərbaycanda belə güclüdür. Adları qeyd olunmayan postsovet dövlətləri çoxdan ənənəvi çörəklərə keçiblər.
Rusiyada isə “kərpic” çörək və baton çörəklərə daha çox tələbat olunur. Elə bizdə də təndir və kürə çörəklərə üstünlük verənlər az deyil. Amma məhz doyuruculuq və qənaət baxımından zavod çörəklərini kölgədə qoyan tapılmır.
Şəfiqə Şəfa, Bizim.Media

































































































