Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun inkişafı yaşayış məntəqələrində müasir sosial xidmətlərin təşkili ilə müşayiət olunur.
Bizim.Media xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.
“Regionda 40 təhsil və 20 səhiyyə müəssisəsi, habelə Xankəndidə Qarabağ Universiteti fəaliyyətə başlayıb. Dövlət, bank, poçt və rabitə xidmətlərinin də əhatəsi genişlənir. Laçın, Zəngilan, Füzuli və Ağdamda tikilərək istifadəyə verilmiş inzibati mərkəzlər sosial təminat, məşğulluq və digər sahələrdə xidmətlərin əhaliyə vahid məkanda operativ göstərilməsinə imkan verir.
İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır. İşğal dövründə dağıdılmış və zərər görmüş tarixi-mədəni və dini abidələrin bərpası, müasir turizm infrastrukturunun yaradılması regionun zəngin irsinin qorunmasına, mədəni və mənəvi həyatının dirçəlməsinə, turizm potensialının reallaşdırılmasına xidmət edir.
Regionun dirçəldilməsi işğalın ekoloji fəsadlarının aradan qaldırılmasını da əhatə edir. İşğal dövründə 54.3 min hektar meşə sahəsi məhv edilib, torpaq və su ehtiyatları çirkləndirilib. İndiyədək 600 hektar meşə fondu bərpa olunub. Çünki meşələrin və su ekosistemlərinin bərpası, iqlim dəyişmələrinin təsirlərinə davamlı tikinti həllərinin tətbiqi regionun uzunmüddətli inkişafı üçün xüsusi əhəmiyyət daşıyır”, - deyə müraciətdə qeyd edilib.
Bizim.Media

































































































