“Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi zamanı tətbiq edilən 10 faizlik limit dövlət qulluqçuları arasında kütləvi narazılığa və məhkəmə mübahisələrinə səbəb ola bilər”.
Bizim.Media xəbər verir ki, bunu deputat Samir Vəliyev Milli Məclisin 13 oktyabr tarixində keçirilən plenar iclasında "Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Sənədə əsasən, dövlət orqanı üzrə qiymətləndirmə aparılan tarixə xidməti fəaliyyəti “əla” və ya “yaxşı” qiymətləndirilən inzibati vəzifə tutan dövlət qulluqçularının sayı hər bir qiymət üzrə qiymətləndirmədən keçən dövlət qulluqçularının ümumi sayının 10 faizindən artıq olmamalıdır. Deputatın fikrincə, bu kvotanın tətbiqi əmək mübahisələrinin kəskin artması riskini yarada bilər.
Bundan başqa, Milli Məclisin üzvü hesab edir ki, sənəddə əksər müddəalar aydın olsa da, bir sıra kritik anlayışlar qeyri-müəyyən və çoxmənalı ifadə edilib:
“Hüquqi qeyri-müəyyənlik, mühüm anlayışların qeyri-dəqiq tərifləri, mürəkkəb anlayışların verilməsi faktiki olaraq intizam tədbirlərinin tətbiqində subyektivliyə və məhkəmə vasitələrinə yol aça bilər. Hüquqi nəticələr doğuran bütün terminlər və səlahiyyət müddəaları birmənalı və aydın şəkildə, hər hansı bir interpretasiyaya yer qoymadan tərtib edilməlidir”.
Deputat Məcəllədə təyinat zamanı iş müddətinin dövlət qulluğu stajına daxil edilməməsi məsələsinə yenidən baxılmasının zəruri olduğunu bildirib.
“Belə bir hal nəticə etibarı ilə vətəndaşların hüquqlarını pozmaqla yanaşı dövlətə münasibətdə etimadən azalmasına gətirib çıxara bilər”.
Xatırladaq ki, sənəddə sözügedən maddədə dövlət qulluğu haqqında qanunvericiliyin tələbləri pozularaq dövlət qulluğu vəzifəsinə təyin edilmiş şəxsin həmin vəzifədə (vəzifələrdə) iş müddəti dövlət qulluğu stajına daxil edilmədiyi qeyd olunub. Həmin müddət ümumi əmək stajı hesablanarkən nəzərə alınır.
Qeyd edək ki, iclasda "Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə edilərək qəbul edilib.
Məcəllə Ümumi və Xüsusi hissələr daxil olmaqla, 5 bölmə, 15 fəsil və 94 maddədən ibarətdir. Sənəd dövlət qulluğu sahəsində qüvvədə olan bir sıra müddəaları sistemləşdirərək vahid normativ aktda birləşdirir.
Günay Şahmar, Bizim.Media


































































































