İctimai nəqliyyatdan istifadə edən sərnişinlərin tez-tez üzləşdiyi problemlərdən biri avtobuslarda yaranan sıxlıqdır. Narazılıqların əsas səbəblərindən biri isə avtobuslar artıq dolu olduğu halda dayanacaqlarda əlavə sərnişinlərin mindirilməsidir.
Nəzərə alaq ki, avtobusların əksəriyyətində yerləşdirilən məlumat lövhələrində sərnişin tutumu ilə bağlı göstəricilər qeyd olunub. Belə ki, 33 oturacaqlı avtobuslarda 49, 35 oturacaqlı avtobuslarda 46, digər 33 oturacaqlı avtobuslarda isə 44 nəfərin ayaqüstə daşınmasına icazə verildiyi göstərilir.
Lakin xüsusilə pik saatlarda avtobuslarda ayaqüstə gedən sərnişinlərin sayı lövhələrdə qeyd olunan göstəriciləri belə üstələyir. Nəticədə sıxlıq daha da artır, sərnişinlərin rahat və təhlükəsiz hərəkəti çətinləşir. Buna baxmayaraq, digər dayanacaqlarda gözləyən sərnişinlərin də avtobusa minməsi sürücülərin əlavə sərnişinləri qəbul etməsi ilə nəticələnir.
Bəs sərnişinlərin sayı müəyyən edilmiş tutum həddini keçdikdə sürücü əlavə sərnişinləri avtobusa mindirməkdən imtina edə bilərmi? Bu halda sürücünün və daşıyıcı şirkətin məsuliyyəti nədən ibarətdir?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, hər avtobusun istehsalçı tərəfindən həm oturacaq, həm də ayaq üstə daşına biləcək sərnişin sayı ilə bağlı fərqli tutum müəyyən edilib:
“Hər hansı avtobusda müəyyən edilmiş həddən artıq sərnişin daşınması və bunun təhlükəsizlik qaydalarının pozulmasına gətirib çıxardığı təqdirdə hüquq-mühafizə arqanları tərəfindən inzibati tədbirlər görülə bilər”.
Bəs əgər marşrut üzrə qaydalarda qeyd edilən sayla sərnişinlərin sayı uyğun deyilsə, əlavə avtobuslar istifadəyə verilir?
“Avtobusların sıxlığı və doluluq səviyyəsi ilə bağlı monitorinqlər keçirilir. Hər hansı avtobusda doluluğun yüksək olduğu müəyyən edilirsə, avtobus sayının artırılması ilə bağlı tədbirlər görülür”, - deyə AYNA-dan məlumat verilib.
Nəzrin Mirzəyeva, Bizim.Media


































































































