Vakansiya dövrü BAŞA ÇATIR – İşçi tapmaq üçün köhnə metod YENİDƏN GÜNDƏMDƏ

Hazırda oxunan: Vakansiya dövrü BAŞA ÇATIR – İşçi tapmaq üçün köhnə metod YENİDƏN GÜNDƏMDƏ

642103

Son dövrlərdə iş elanlarına nəzər saldıqda vakansiyaların sayının azaldığı, bəzi elanların isə uzun müddət yenilənmədiyi müşahidə olunur. Bu vəziyyət əmək bazarında real daralmanın baş verdiyi, yoxsa vakansiya elanlarının əvvəlki etibarlılığını itirdiyi sualını gündəmə gətirir.

Şirkətlər yeni işçi qəbulunu azaldır, yoxsa işə qəbul prosesini daha qapalı formada həyata keçirirlər?

İşə qəbul üzrə HR mütəxəssis Əlizamin Əzizovun Bizim.Media-ya açıqlamasına görə, vakansiyaların sayında deyil, növündə azalma var və bunu da müəyyən qədər daralma hesab etmək olar.

“Vakansiyalar müəyyən sahələrdə cəmləşir. Əsasən ticarət, maliyyə, istehsal, hotel-restoran və tikinti sahələri əsas tələblər üstünlük təşkil edir. Elanlarda ən çox rast gəlinən peşələr arasında satış nümayəndəsi, təmizlikçilər, İT mütəxəssisi, və mühasib yer alır”.  

Onun sözlərinə görə elanların keyfiyyəti də ayrıca problemdir.

2026-cı ildə yerli vakansiya platformalarında real işə qəbul məqsədi daşımayan, uzun müddət aktiv qalan elanlar və saxta iş təklifləri barədə materiallar mövcuddur.

“Şirkətlər yeni vakansiyalar açmaqda ehtiyatlı davranırlar. Xüsusilə satış, dövriyyə və mənfəət gözləntiləri zəifləyəndə şirkətlər işə qəbulu təxirə sala bilərlər. Bu, real daralmanın mümkün əlamətidir. Bundan başqa, iş axtaranların sayı çoxaldıqda, elanların sayı azmış kimi görünür. İndi çox qurumlar təsadüfi CV atan işçidən çox ənənəvi üsula keçiblər, yəni digər etibarlı işçilərin zəmanəti və tövsiyəsi ilə işçi gətirilir, yaxud özlərinin əllərinin altında namizəd bazası olur”.

Mütəxəssis bildirir ki, belə olduqda da iş elanlarına etibar azalır.

Qeyd edək ki, 2026-cı il avqustuna qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ƏMAS sistemində işəgötürənlər tərəfindən təqdim olunmuş 65 mindən çox aktiv vakansiyanın olduğunu bildirmişdi. Dövlət Statistika Komitəsinin məlumatında isə 1 iyul 2026-cı il tarixinə Azərbaycanda muzdla çalışanların sayı 1,787 milyon nəfər olub.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin