Prezidentin nümayəndəsi: “Minalı ərazilərin 75 faizi hələ də ölüm saçır” - FOTO

Hazırda oxunan: Prezidentin nümayəndəsi: “Minalı ərazilərin 75 faizi hələ də ölüm saçır” - FOTO

634564

“2020-ci il müharibəsinin başa çatmasından sonra Azərbaycanda 437 nəfər mina partlayışlarının qurbanı olub, yəni həlak olub və ya xəsarət alıb. Hər yeni qurban təkcə humanitar faciə deyil. Bu, ailələr üçün psixoloji zərbədir. Eyni zamanda, cəmiyyətə müharibənin hələ tam olaraq geridə qalmadığını xatırladan bir mesajdır. Bu isə qaçılmaz olaraq normallaşma prosesinə cəmiyyətin inamına mənfi təsir göstərir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu məsələ Azərbaycan üçün xüsusilə əhəmiyyətlidir:

"Çünki söhbət kiçik və təcrid olunmuş çirklənmiş ərazidən getmir. Ərazimizin 13 faizindən çoxu minalar və partlamamış hərbi sursatlarla çirklənib. Müharibənin başa çatmasından təxminən altı il sonra belə, minalarla çirklənmiş ərazilərin 75 faizi hələ də ölüm toxumlarını özündə daşıyır. Bu, insan təhlükəsizliyi və insanların öz evlərinə qayıdışı baxımından son dərəcə ciddi problemdir".

Prezidentin nümayəndəsi bildirib ki, Azərbaycan bu gün regionumuzda, bəlkə də dünyada münaqişədən sonrakı ən böyük yenidənqurma səylərindən birini həyata keçirir.

"Məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Kəndlər və şəhərlər yenidən qurulur. Yollar, məktəblər, xəstəxanalar və iqtisadi infrastruktur yaradılır. Lakin çox sadə bir həqiqət var: Torpağın altındakı təhlükəni aradan qaldırmadan icmanı yenidən qurmaq mümkün deyil. Ona görə də biz minatəmizləmədən danışarkən, eyni zamanda qayıtmaq, yenidən qurmaq və qorxu olmadan yaşamaq hüququndan danışmalıyıq" - deyə o vurğulayıb.




Günay Şahmar, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin