Qadınların kişiləri sürətlə əvəz etdiyi PEŞƏ - Uşaqlar da gələcəklərinə onlara baxıb QƏRAR VERİRLƏR

Hazırda oxunan: Qadınların kişiləri sürətlə əvəz etdiyi PEŞƏ - Uşaqlar da gələcəklərinə onlara baxıb QƏRAR VERİRLƏR

633862

Son açıqlanan statistik məlumatlara görə, Azərbaycanda qadın müəllimlərin sayı artmaqda davam edir. Belə ki, 2025-ci ildə ölkə üzrə 142 530 müəllimin 82,6 faizini qadınlar təşkil edib.

Bu göstəricinin formalaşmasına müxtəlif amillər təsir edir. Onlardan biri də cəmiyyətdə müəllimlik peşəsi ilə bağlı formalaşmış stereotiplərdir. Müəllimlik uzun illərdir daha çox qadınlara uyğun peşə kimi qəbul edilir. Bu yanaşma isə kişilərin müəllimlik peşəsinə marağının azalmasına təsir edən amillərdən biri hesab olunur.
 

Kişi müəllimlərin sayının az olması şagirdlərin gələcək peşə seçimlərinə də təsir göstərə bilər. Belə ki, kiçik yaşlarından sinifdə qarşısında əsasən qadın müəllimlər görən oğlan uşaqları böyüdükdə müəllimlik peşəsini özləri üçün daha az uyğun hesab edə bilərlər. Nəticədə bu, peşənin kişilər arasında seçilməsinə təsir edən amillərdən birinə çevrilir.


Psixoloq Nabat Mirzəyeva Bizim.Media-nın suallarını cavablayarkən bildirib ki, uşaqların gender rollarını öyrənməsinə ailə, sosial mühit, dostlar, media daha çox təsir edir. Ancaq bir uşaq illərlə qadın müəllimələr gördüyü üçün  şüurunda belə bir düşüncə yarana bilər ki, müəllimlik qadınlara məxsus bir peşədir:

"Oğlan uşaqlarının həyatında kişi rol modeli lazımdır. Bu, atası, babası, məşqçisi, həkimi,  digər müsbət kişi fiqurları da ola bilər. Məktəbdə kişi müəllimləri də görmək uşaqlara müəllimlik və qayğının yalnız qadınlara məxsus olmadığını göstərə bilər”.

"Uşaqlar üçün dünya gördükləri qədərdir"

Nabat Mirzəyeva bu sözləri şagirdlərin beyinlərində kiçik yaşlardan formalaşan rol modellər barəsində danışarkən deyib:

“Əgər qız uşaqları məktəbdə yalnız qadın müəllimləri görürsə, müəllimlik əsasən qadınlardan ibarətdir. Ancaq  uşağın müxtəlif peşələrdə qadın və kişi nümunələrini görməsi önəmlidir. Yəni biz övladımıza aşılamalıyıq ki, müəllimlik təkcə qadınlardan ibarət deyil və bəzi peşələr də təkcə kişiyə də məxsus deyil.

"Bu, kişi peşəsidir", "bu qadın peşəsidir"deyə yox, "hər bir peşədə qadın və kişi rahatlıqla çalışa bilər", "peşənin cinsi yoxdur" kimi izah etməliyik". 

Məktəbdə qadın müəllimlərin çoxluğu uşaqlarda "qadınlar daha çox qayğı göstərən tərəfdir" düşüncəsi yarada bilər?

"Əgər uşaqlar eyni davranışı davamlı şəkildə müşahidə edirsə, onu ümumiləşdirə bilər. Məsələn, qadın müəllim qayğı göstərir, dinləyir, anlayır, öyrədir, kişi müəllim isə məktəbdə daha çox rəhbər, texniki, nəzarətçi rolundadır.

Uşaq bu rolları genderlə əlaqələndirə bilər. Burada əsas məsələ müəllimin qadın və ya kişi olması yox, uşağın gördüyü rol müxtəlifliyidir.  Çünki uşağa həm qadının lider ola bildiyini, elm və texnologiyada uğurlu olduğunu həm də kişinin qayğı göstərə bildiyini göstərmək lazımdır".

Psixoloq sonda vurğulayıb ki, peşəni insanlara yox, insanların peşəyə hansı dərəcədə uyğunlaşdığını göstərmək lazımdır.

Göründüyü kimi, bəzən kiçik yaşdan davamlı olaraq müşahidə edilən hallar böyüdükdə belə, qərarlara, seçimlərə, fikirlərə təsir edir. Bu gün ali təhsil müəssisələrində müəllimlik seçənlərin daha çox qız olması belə, kiçik yaşdan formalaşan bu düşüncədən irəli gələ bilər.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin