SON DƏQİQƏ! Samuxda qarayara xəstəliyinə yoluxmalarla bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: SON DƏQİQƏ! Samuxda qarayara xəstəliyinə yoluxmalarla bağlı RƏSMİ AÇIQLAMA

630930

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında qeyd olunub.

Məlumata görə, Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi ilə bağlı ilkin epidemioloji araşdırmalara əsasən xəstəliyə şübhəli bilinən şəxslərin iribuynuzlu heyvanlarla təması müəyyən edilib.

Xəstəliyə şübhəli olan ilk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində "qarayara xəstəliyi" diaqnozu təsdiq edilib:

"Hazırda təmasda olan şəxslər müəyyənləşdirilmış, tibbi müşahidəyə cəlb edilmiş və hər hansı dəri yarası olan şəxslərdən laborator müayinələrin aparılması üçün nümunələr toplanılıb.

Xəstə heyvanla təmasda olan 9 nəfər şəxs aşkarlanaraq Abbas Səhhət adına Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilmişdir. Xəstəliklə təmasda olan şəxslər əsasən Samux rayon sakinləridir.

Sözügedən şəxslərdən laborator müayinə üçün nümunələr toplanmış və Şəmkir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib".

Qeyd dilib ki, qarayara xəstəliyinin törədicisi torpaq mənşəlidir və dünyanın hər yerində rast gəlinən haldır.

"Qarayara əsasən xəstə və ya tələf olmuş heyvanlarla, eləcə də onların yoluxmuş toxumaları və məhsulları ilə təmas nəticəsində insana keçən zoonoz xəstəlikdir. Xəstəliyin insandan-insana ötürülməsi olduqca nadir hallarda baş verir. Xəstə heyvanın termiki emal olunmuş ətinin və ondan hazırlanmış qidaların istehlakı qarayara xəstəliyinə yoluxmaya səbəb olmur.

Hazırda hadisə ilə bağlı vəziyyət aidiyyəti qurumların nəzarətindədir və zəruri epidemioloji tədbirlər həyata keçirilir. Əhali arasında yayılma müşahidə olunmur və vətəndaşların narahatlığına əsas yoxdur. Vətəndaşlara xəstə və ya tələf olmuş heyvanlarla və şübhəli heyvan mənşəli məhsullarla təmasdan çəkinmək, xəstəliyə şübhə yaradan əlamətlər müşahidə etdikdə isə vaxtında tibb müəssisəsinə müraciət etmək tövsiyə olunur", - məlumatda vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin