Bəzi ifadələr insanın emosional intellektinin aşağı olmasına işarə edə bilər. Mütəxəssislərin fikrincə, bu cür insanlar çətin vəziyyətlərə reaksiyaları, danışıq tərzləri və xüsusilə də tez-tez təkrarladıqları ifadələrlə özlərini büruzə verirlər.
Bizim.Media xəbər verir ki, klinik psixoloq doktor Kortni Uorren emosional intellekti aşağı olan insanlarda tez-tez rast gəlinən bəzi ifadələri diqqətə çatdırıb.
"Bu mənim günahım deyil” / “Buna sən səbəb oldun”
Öz səhvlərinə görə məsuliyyətdən yayınmaq emosional yetkinliyin aşağı olmasının əsas əlamətlərindən biri hesab olunur. Belə insanlar səhvlərini təhlil etmək və ya üzr istəmək əvəzinə, məsuliyyəti ətrafındakı insanların üzərinə atmağa çalışırlar.
Mütəxəssislərə görə, davamlı şəkildə günahı başqasının üzərinə atmağın arxasında uğursuzluq qorxusu və özünə inamın qeyri-sabit olması dayana bilər.
“Mən demişdim” / “Yenə də mən haqlıyam”
Hər vəziyyətdə öz haqlılığını sübut etməyə çalışmaq da emosional intellektin aşağı olmasının göstəricisi ola bilər. Belə insanlar problemin optimal həllini və ya qarşılıqlı anlaşmanı tapmaqdan daha çox öz üstünlüklərini təsdiqlətməyə çalışırlar.
Hətta məsləhət və ya dəstək verərkən belə, qarşı tərəfin səhv etdiyini göstərmək üçün fürsət gözləyə bilərlər.
“Sənə heç ehtiyacım yoxdur”
İlk baxışdan bu ifadə müstəqillik nümayişi kimi görünsə də, bəzi hallarda özünü emosional ağrı və mümkün rədd edilmədən qorumaq üçün istifadə olunan müdafiə mexanizmi ola bilər.
Belə insanlar bəzən ətrafındakıların diqqətindən və təsdiqindən asılı olsalar da, özlərini tamamilə müstəqil göstərməyə çalışırlar. Bu isə münasibətlərdə yaxınlığın zəifləməsinə səbəb ola bilər.
“Şişirtmə” / “Heç nədən problem yaradırsan”
Başqasının hisslərini kiçiltmək empatiyanın çatışmazlığının əsas göstəricilərindən biri hesab olunur. Qarşı tərəf narahatlığını və ya kədərini bölüşdükdə onu dinləmək və anlamaq əvəzinə, hisslərinin əsassız və ya şişirdilmiş olduğunu söyləmək münasibətlərdə gərginlik yarada bilər.
Bu cür reaksiya qarşı tərəfin yaşadığı hissləri anlamaq üçün səy göstərmədən çətin söhbəti bağlamağın bir yolu kimi çıxış edir.
Emosional intellekti aşağı olan insanlar başqa necə davranırlar?
Mütəxəssislərə görə, bu cür ifadələr aşağı emosional intellektin yalnız bir neçə göstəricisidir. Belə insanlarda digər davranış xüsusiyyətləri də müşahidə oluna bilər:
* Dinləməyi bacarmırlar. Qarşı tərəfi anlamaq əvəzinə, söhbətdə öz növbələrinin gəlməsini və ya mövzunu öz üzərlərinə çevirməyi gözləyirlər.
* İmpulsiv reaksiya verirlər. Kiçik uğursuzluqlara belə qəzəb, inciklik və ya passiv-aqressiv davranışla cavab verə bilərlər.
* Tənqidi qəbul etməkdə çətinlik çəkirlər. İradları şəxsi hücum kimi qəbul edir və düşünmək əvəzinə dərhal müdafiəyə keçirlər.
* Öz hisslərini ifadə etməkdə çətinlik çəkirlər. Məsələn, narahatlıq və ya kədəri düzgün müəyyənləşdirmək əvəzinə, bu hissləri qəzəb və aqressiya formasında ifadə edə bilərlər.
Emosional intellekt üzərində işləmək empatiyanı, məsuliyyət hissini və başqalarının baxışlarına açıq olmağı inkişaf etdirməyə kömək edə bilər. Bu bacarıqlar münasibətlərdə lazımsız münaqişələrin qarşısını almağa və qarşılıqlı hörmətə əsaslanan əlaqələr qurmağa imkan verir. (Demokrat.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:32 / 12.08.2026
Emosional intellekti aşağı olan insanların tez-tez işlətdiyi 4 ifadə
Hazırda oxunan: Emosional intellekti aşağı olan insanların tez-tez işlətdiyi 4 ifadə
Hazırda oxunan: Emosional intellekti aşağı olan insanların tez-tez işlətdiyi 4 ifadə
630705
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































