Vəli Əkbər, telejurnalist
İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi Zəfər yalnız işğalın sona çatması və ərazi bütövlüyünün bərpası ilə məhdudlaşmadı. Bu Zəfər Cənubi Qafqazın geosiyasi və iqtisadi xəritəsini də dəyişdirdi. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yeni bağlantı imkanlarının yaranması, Zəngəzur istiqamətində nəqliyyat kommunikasiyalarının formalaşması və 2025-ci ildə Vaşinqtonda əldə olunmuş razılaşmalardan sonra TRIPP layihəsinin reallaşma mərhələsinə daxil olması Naxçıvanı uzun illər davam edən coğrafi təcriddən çıxarmaq üçün tarixi imkan yaradıb.
ABŞ-Azərbaycan strateji tərəfdaşlığı çərçivəsində TRIPP məhz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və regional ticarət-tranzit imkanlarının açılmasını nəzərdə tutur.
Bu mənzərədə Naxçıvana artıq yalnız “Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublika” kimi baxmaq kifayət deyil. Naxçıvan Azərbaycanın gələcək regional inteqrasiya strategiyasının əsas qovşaqlarından biri kimi nəzərdən keçirilməlidir.
Uzun illər Naxçıvanın əsas problemi onun iqtisadi potensialının kifayət qədər istifadə olunmaması, coğrafi təcrid və insan kapitalının müəyyən hissəsinin regionu tərk etməsi olub.
İndi isə vəziyyət dəyişir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Zəngəzur istiqamətində bağlantının qurulması Naxçıvanı son nöqtə olmaqdan çıxarıb keçid nöqtəsinə çevirə bilər.
Prezident İlham Əliyev də müxtəlif çıxışlarında Zəngəzur bağlantısının Naxçıvan üzərindən Türkiyəyə, Avropaya, digər tərəfdən isə İran və Fars körfəzi istiqamətinə çıxış yarada biləcəyini vurğulayıb. 2025-ci ildə verilən açıqlamalarda Naxçıvan istiqamətində layihənin yükötürmə potensialının 15 milyon tona qədər yüksələ biləcəyi qeyd olunub.
Bu, sadəcə yol və dəmir yolu məsələsi deyil. Bu, Naxçıvanın iqtisadi funksiyasının dəyişməsi deməkdir. Naxçıvan artıq məhsulun, insanın və kapitalın gəlib-getdiyi bir “son məkan” deyil, onların dayandığı, toplandığı, emal olunduğu, bölüşdürüldüyü və yenidən istiqamətləndirildiyi regional mərkəzə çevrilə bilər.
Başqa sözlə, Naxçıvanın qarşısında yeni iqtisadi model formalaşır: Tranzit + logistika + istehsal + turizm + rəqəmsal iqtisadiyyat + yüksək texnologiyalar.
Şərqlə Qərb arasında “nəfəslik”
Naxçıvanın ən böyük üstünlüyü onun xəritədəki mövqeyidir. Azərbaycanın əsas hissəsi, Türkiyə, İran və Ermənistanın yaxınlığında yerləşən Naxçıvan eyni zamanda Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin kəsişə biləcəyi bir məkandır.
Azərbaycan Prezidentinin açıqlamalarında da Naxçıvanın gələcək bağlantılarının yalnız Zəngəzur istiqamətində deyil, İran üzərindən alternativ marşrutlarla da inkişaf etdirilməsi nəzərdə tutulur. Ağbənd istiqamətində İranla yol və dəmir yolu bağlantısının qurulması bu alternativlərin artıq praktiki müstəviyə keçdiyini göstərir. Türkiyə ilə Qars-Naxçıvan dəmir yolu bağlantısı üzrə də işlər aparılır. Naxçıvanın gələcəyi tək bir dəhlizdən asılı olmayacaq, əksinə, Naxçıvan bir neçə beynəlxalq nəqliyyat və logistika xəttinin bir-birinə bağlandığı çoxşaxəli qovşaq kimi qurulacaq.
Bu baxımdan “nəfəslik” sözü sadəcə metafora deyil. Naxçıvan Şərqdən Qərbə gedən yükün nəfəs dərdiyi, saxlandığı, çeşidləndiyi, texniki xidmət aldığı, emal olunduğu, insanın isə səyahətini planlaşdırıldığı böyük regional məkan ola bilər. Bu gün dünyanın logistika xəritəsində belə məkanlar yolun üzərində, yolun özündən daha çox dəyər yaradır.
472 min nəfərdən 1 milyonluq perspektivə
Bu gün Naxçıvanın əhalisi təxminən 472 min nəfərdir. 2026-cı ilin fevralına olan məlumata görə əhali 472 444 nəfər təşkil edib. Ona görə də 1 milyonluq Naxçıvan haqqında düşünərkən bunu yaxın illərin demoqrafik proqnozu kimi yox, böyük iqtisadi layihələrin nəticəsi kimi baxmaq lazımdır.
Əgər Naxçıvan beynəlxalq logistika mərkəzinə, azad iqtisadi fəaliyyət zonasına, ixracyönümlü istehsal platformasına, Türkiyə–Azərbaycan–Mərkəzi Asiya iqtisadi əlaqələrinin qovşağına, İran və Fars körfəzinə çıxış platformasına, turizm və sağlamlıq mərkəzinə, universitet və tədqiqat şəhərinə, rəqəmsal texnologiyalar və süni intellekt mərkəzinə çevrilərsə, əhali artımı artıq sadəcə təbii artım məsələsi olmayacaq. İnsanlar iş, kapital imkan, keyfiyyətli təhsil və yüksək texnologiyaların tətbiq olunduğu ekosistemə üz tuturlar.
Bu gün Azərbaycan Prezidentinin də apardığı siyasət Naxçıvanı qayıdılacaq və üz tutulacaq bir yerə çevirməkdir. “Naxçıvandan getmək” anlayışının yerini indi sürətlə “Naxçıvana qayıtmaq” anlayışı tutmağa başlayıb. Əlbəttə, bəziləri sərvaxt olmalıdır, çünki yaxın perspektivdə bu xüsusi tələbata çevrilə bilər.
Keçmişdən gələcəyə körpü
Naxçıvanın gələcəyindən danışarkən onun siyasi və mənəvi yaddaşını kənara qoymaq mümkün deyil. Hər dəfə Naxçıvan gəzəndə düşünmüşəm ki, bura Allahın yaratdığı böyük abidədir. Min illərdən bəri türk torpağı kimi təşəkkül tapan bu parçamızda böyük bir tarix yatır.
Eləcə də Ulu Öndərimiz Heydər Əliyevin həyatında Naxçıvan sadəcə doğulduğu və siyasi fəaliyyət göstərdiyi məkan deyildi. O, Azərbaycanın dövlətçilik tarixinin ən kritik mərhələlərindən birində siyasi iradənin və milli dövlətçilik düşüncəsinin mühüm mərkəzinə çevrildi.
1990-cı ildə Naxçıvanda üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edilməsi, sovet referendumunun keçirilməməsi və 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis qurultayının Naxçıvanda keçirilməsi müasir Azərbaycan dövlətçiliyinin formalaşması tarixində xüsusi yer tutur. Çoxları Naxçıvanı Azərbaycanın bir parçası olduğunu unutduğu vaxtda Ulu Öndər Naxçıvanı yalnız keçmişin yadigarı kimi deyil, Azərbaycanın gələcəyinin mühüm dayaqlarından biri kimi görürdü.
Prezident İlham Əliyev də Naxçıvanın inkişafının Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu, onun həm sovet dövründə, həm də Azərbaycanın müstəqilliyinin ən çətin illərində Naxçıvanın inkişafı və təhlükəsizliyi üçün mühüm rol oynadığını dəfələrlə vurğulayıb. Dövlət başçısı qeyd edib ki, bu gün həmin siyasi irsə ən böyük ehtiram onu sadəcə xatırlamaq deyil, Naxçıvanı XXI əsrin çağırışlarına hazırlamaqdır.
XXI əsrin Naxçıvanı: Zaman hansı ideyaları daşıyır?
XXI əsrin iqtisadiyyatında coğrafi mövqe hələ də əhəmiyyətlidir. Amma artıq təkcə coğrafi mövqe kifayət etmir. Coğrafiyanın üzərinə texnologiya gəlməlidir. Bu baxımdan Naxçıvan üçün ən strateji addımlardan biri Naxçıvan Süni İntellekt və Rəqəmsal İnnovasiya Mərkəzinin yaradılması ola bilər. Bu istiqamətdə işlərin getdiyi isə heç şübhə doğurmur. Azərbaycan Prezidentinin hər səfəri Naxçıvanın gələcəyi üçün fəaliyyət planının qurulmasına xidmət edir.
Azərbaycan artıq süni intellekt sahəsində institusional addımlar atıb: ölkədə Milli Süni İntellekt Mərkəzi, Süni İntellekt Akademiyası və Rəqəmsal İnkişaf Şurası yaradılıb, həmçinin süni intellekt strategiyası qəbul edilib. Prezident İlham Əliyev süni intellekt və rəqəmsal suverenliyi Azərbaycanın əsas strateji istiqamətlərindən biri kimi təqdim edib. Naxçıvanda yaradılacaq xüsusi mərkəz isə bu milli strategiyanın regional və beynəlxalq qolu ola bilər.
Naxçıvan AI Valley yaradılarsa, burada süni intellekt laboratoriyaları, startap inkubatorları, data mərkəzləri, universitet proqramları, beynəlxalq şirkətlərin tədqiqat ofisləri və regional texnologiya şirkətləri fəaliyyət göstərir.
Çünki Naxçıvanın üstünlüyü həm də onun coğrafiyasındadır. Türkiyə, İran , Ermənistan yaxınlığındadır. Azərbaycanın əsas hissəsi ilə yeni nəqliyyat bağlantıları formalaşır. Türkiyənin texnologiya və sənaye ekosisteminə çıxış mümkündür. Azərbaycanın rəqəmsal infrastruktur və dövlət dəstəyi imkanları mövcuddur.
Beləliklə, Naxçıvan AI Mərkəzi yalnız Naxçıvan üçün deyil, Azərbaycan–Türkiyə–İran–Cənubi Qafqaz arasında rəqəmsal innovasiya körpüsü funksiyasını daşıya bilər. Astana şəhərində yaradılan “Alem.ai” mərkəzinin nümunəsi göstərir ki, süni intellekt mərkəzi yalnız laboratoriya deyil; təhsil, startap, tədqiqat, hakaton, biznes və insan kapitalının bir araya gətirildiyi bütöv ekosistem kimi qurula bilər.
Bir vaxtlar Azərbaycanın ən çətin coğrafi mövqelərindən biri hesab edilən Naxçıvanın lokasiyası bu gün onun ən böyük üstünlüyünə çevrilə bilər. Çünki dünyada yeni iqtisadi xəritə formalaşır. Və qətiyyətlə demək olar ki, Naxçıvana qayıtmaq zamanıdır.
Prezident İlham Əliyevin Naxçıvanın inkişafına və onun strateji roluna verdiyi xüsusi diqqət bu transformasiyanın siyasi dayağıdır. Dövlət başçısı Naxçıvanı yalnız Azərbaycanın ayrılmaz hissəsi kimi qorumaq yox, onu Azərbaycanın regional iqtisadi güc mərkəzlərindən birinə çevirmək əzmindədir. Beləliklə, starteji yolun üzərindəki böyük dayanacaq, Şərqlə Qərb arasında nəfəs dərilən məkan və Azərbaycanın gələcək regional inteqrasiya xəritəsinin əsas qovşaqlarından biri kimi yenidən pərvəriş tapacaq.
Və bu dəfə Naxçıvan yolun sonu olmayacaq.
Bizim.Media

































































































