Xəstəni aptekə yönləndirib faiz alan həkimlər – Hansı CƏZA GÖZLƏYİR?

Hazırda oxunan: Xəstəni aptekə yönləndirib faiz alan həkimlər – Hansı CƏZA GÖZLƏYİR?

630517

Həkimin qəbuluna gedən xəstənin tək gözləntisi var: sağlamlığının bərpası. Ona görə də səhhətinə ciddi yanaşan xəstə həkimin verdiyi tövsiyəyə, yazdığı reseptə sözbəsöz əməl etməyə çalışır. Amma həkim ya qəbul zamanı, ya da sonradan reseptdəki hansısa dərmanı tapa bilmədiyində zəng zamanı xəstəni konkret aptekə yönləndirirsə, o zaman ortaya başqa mənzərə çıxır: şəxsi kommersiya və ya qazanc marağı. Çünki bu artıq sadə həkim tövsiyəsindən uzaqlaşmaqdır, burada həkimin həmin aptekin ya sahibkarı, ya da faiz alanlardan biri olması şübhəsi yaradır.

Dünyanın bir çox ölkəsində həkimlərin belə qeyri-etik rəftarına göz yumulmur. Həkimin dərman və ya tibbi xidmət seçiminə görə maddi fayda əldə etməsi maraqlar toqquşması kimi qiymətləndirilir. Ümumdünya Tibb Assosiasiyası da həkimlərin konkret xidmətə görə “kickback” və digər qanunsuz maliyyə təşviqləri almasını qəbuledilməz hesab edir.

Bəs Azərbaycanda vəziyyət necədir? Həkim aptek tövsiyə edə bilərmi?

Həkim aztəminatlı xəstəsini daha çox endirimi olan, yaxud bahalı dərmanların əlçatan alternativini təklif edən aptekə yönəldirsə, bu onun mərhəmətindən, insani keyfiyyətindən xəbər verir. Tam əksi – eyni tərkibli dərmanın münasib qiymətə olanını deyil daha bahalı istehsalı təklif edir, konkret aptekə yönəldirsə, burada artıq onun davranışı şəxsi maraq məqsədlidir.

Azərbaycanda “Dərman vasitələri haqqında” Qanuna görə həkim resepti klinik protokollara əsasən tərtib etməli, reseptdə, bir qayda olaraq, dərmanın təsiredici maddəsinin beynəlxalq patentləşdirilməmiş adını göstərməlidir. Aptek isə həmin maddə üzrə mövcud dərmanlar və onların qiymətləri barədə istehlakçıya məlumat verməlidir. Bu yanaşmanın əsas məqsədlərindən biri xəstənin azad seçim imkanını qorumaqdır.
 

Həkimlərin Etik Davranış Qaydalarında həkimin öz vəzifəsindən hüquqi və fiziki şəxslərin reklamı və onların maraqlarının təbliği məqsədilə istifadə etməməsi nəzərdə tutulur. Yəni həkimlik peşəsinin əsasını təşkil edən prinsiplərdən biri də pasiyentin mənafeyinin kommersiya marağından üstün tutulmasıdır. Həkimin satılan məhsullarda heç bir maliyyə payı olmamalıdır.


İstənilən halda belə faktla qarşılaşan pasiyent, həkimin adı, xəstəxananın adı, resept, həkimin konkret aptekə yönləndirməsini təsdiqləyən materiallara  dair məlumatları saxlamalıdır, bundan sonra aidiyyəti qurumlara təqdim edilə bilər.

Şəfiqə Şəfa, Bizim.Media

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin