Qusar rayonunda 16 yaşadək yeniyetmələr arasında keçirilən Respublika Şahmat Olimpiadası uğurla davam edir.
Bizim.Media xəbər verir ki, yarışların yüksək təşkilati səviyyədə keçirilməsi ilə yanaşı, iştirakçı yeniyetmələrin və onları müşayiət edən valideynlərin asudə vaxtlarının səmərəli təşkili də diqqət mərkəzində saxlanılır.
Bu məqsədlə qonaqlar üçün ekskursiya proqramı hazırlanıb. Proqram çərçivəsində ilk olaraq Qusar Tarix-Diyarşünaslıq Muzeyi ziyarət edilib. Muzeydə nümayiş olunan eksponatlarla tanışlıq zamanı qonaqlara Qusar diyarının çoxəsrlik tarixi, zəngin mədəni irsi, adət-ənənələri və görkəmli şəxsiyyətləri haqqında ətraflı məlumat verilib.
Ekskursiyanın növbəti ünvanları Qusar Dövlət Rəsm Qalereyası və "İSFA Sporting" Şahmat Məktəbi olub. "İSFA Sporting" Şahmat Məktəbində qonaqlar tədris prosesi ilə yaxından tanış olub, yoldaşlıq oyunları keçiriblər.
Olimpiada iştirakçıları və valideynlər Qusar rayonunda onlara göstərilən yüksək qonaqpərvərlik və diqqətə, təşkil olunan məzmunlu proqrama görə təşkilatçılara dərin minnətdarlıqlarını bildiriblər.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu


































































































