Son dövrlərdə bəzi mağazalarda günəbaxan toxumu çəkilərək yağ hazırlanır və müştərilərə satılır. Belə yağlar təzə və göz önündə hazırlandığı üçün istehlakçılarda daha təbii və faydalı məhsul təsəvvürü yaradır. Xüsusilə hazır qablaşdırılmış yağ əvəzinə bu cür məhsullara üstünlük verənlərin sayı da az deyil.
Bəs bu yağlara nə qədər etibar etmək olar?
Digər tərəfdən, diqqətçəkən məqamlardan biri də sözügedən yağların yararlılığıdır. Belə yağlarda oksidləşmə və tez xarab olma riski qablaşdırılmış yağlarla müqayisədə daha yüksəkdirmi?
Bizim.Media mövzuyla əlaqədar qida mütəxəssisi Asim Vəliyevin fikirlərini öyrənib.
Ekspert bildirib ki, mağazada sıxılan yağ rafinə edilmədiyi üçün təbii vitaminləri saxlasa da, ilkin xammalın laborator yoxlamadan keçməməsi, avadanlıqların mikrobioloji sanitariyasındakı boşluqlar və yüksək oksidləşmə riski səbəbindən ciddi təhlükə daşıya bilər.
“Mağazada çəkilən yağ soyuq, ya mexaniki sıxma üsulu ilə əldə edilir. Bu prosesdə kimyəvi həlledicilər və yüksək dərəcəli istilik tətbiq olunmur. Bu baxımdan həmin yağları sənaye yağları ilə müqayisədə təbii adlandırmaq olar. Sənaye üsulu ilə istehsal olunan rafinə edilmiş günəbaxan yağları isə neytrallaşdırma, ağardılma və dezodorasiya mərhələlərindən keçir. Bu emal nəticəsində yağın tərkibindəki sərbəst yağ turşuları, piqmentlər və spesifik qoxu kənarlaşdırılır, yanma nöqtəsi yüksəldilir”.
Ekspert təbii sıxım yağların tərkibində yarana biləcək riskli halları da qeyd edib.
“Təbii olmaq hər zaman keyfiyyətli və sağlam olmaq demək deyil”.
“Təbii sıxım yağların tərkibində təbii E vitamini qalsa da, rafinə olunmamış yağların tərkibində böyük miqdarda su, zülal qalıqları, mumlar və sərbəst yağ turşuları mövcud olur. Bu birləşmələr yağın sabitliyini pozur. Günəbaxan yağı yüksək miqdarda çoxlu doymamış yağ turşuları ehtiva edir. İşığa, oksigenə və otaq temperaturuna məruz qaldıqda yağda peroksid ədədi və turşu ədədi sürətlə yüksəlir. Əmələ gələn peroksidlər, aldehidlər və ketonlar orqanizmdə hüceyrə zədələnməsinə, iltihabi proseslərə və uzunmüddətli qəbulda sitotoksik təsirlərə səbəb olur.
Günəbaxan tumları düzgün qurutma və saxlama şəraitində saxlanmadıqda bəzi göbələkləri tərəfindən yoluxur. Torpaqdan günəbaxan bitkisinə keçən ağır metallar və kənd təsərrüfatında istifadə edilən pestisidlər yağ fazasında toplanır. Sənaye rafinasiyası bu kimyəvi qalıqları təmizləyir. Mağazada sıxılan yağda isə bu maddələr birbaşa məhsulda qalır”.
“Sənaye üsulu ilə istehsal olunan yağlar daha təhlükəsizdir”
Asim Vəliyev istehlakçılara tövsiyə edərək bildirib ki, təhlükəsizlik baxımından sənaye üsulu ilə istehsal olunmuş və laboratoriya nəzarətindən keçmiş yağ dəfələrlə təhlükəsizdir:
“Mağazada yağ adətən şəffaf, qida üçün sertifikatlaşdırılmamış plastik qablara süzülür. Günəbaxan yağı işıq qarşısında fotooksidləşməyə məruz qalır. Sənaye yağları isə qida standartlarına uyğun, azot mühitində və işıqdan qorunan qablarda qablaşdırılır. Əgər yağı yüksək temperaturda bişirmə, qızartma, soba xörəkləri üçün istifadə ediriksə, yalnız rafinə olunmuş sənaye yağlarına üstünlük verməliyik.
Əgər salatlara, soyuq qəlyanaltılara əlavə etmək üçün rafinə olunmamış soyuq sıxım yağ istəyiriksə, bunu mağazada açıq şəkildə çəkilən qablarla yanaşı, sənaye miqyasında sertifikatlaşdırılmış, tünd şüşə qablarda satılan və brendlərdən də ala bilərik. Yağın istehsal və son istifadə tarixini, qablaşdırma materialını və saxlanma şəraitini yoxlamalıyıq”.
Nəzrin Mirzəyeva, Bizim.Media





























































































