Araşdırma mistik təcrübələrin kütləvi xarakter daşıdığını ortaya qoydu

Hazırda oxunan: Araşdırma mistik təcrübələrin kütləvi xarakter daşıdığını ortaya qoydu

630083

Heç xəyalət görmüsünüz, bədəndən çıxma hissi yaşamısınız və ya qəfil deja vu keçirmisiniz? Əgər belə olubsa, tək deyilsiniz. Yeni elmi araşdırma göstərib ki, bu cür “fövqəltəbii” və qeyri-adi təcrübələr düşünüldüyündən daha geniş yayılıb.

Bizim.Media xəbər verir ki, Braziliyanın ID'Or Araşdırma və Təhsil İnstitutunun alimləri 5 mindən çox insan arasında geniş sorğu keçirərək belə epizodların hansı şəraitdə baş verdiyini və insanların onları necə izah etməyə çalışdığını araşdırıblar.

Nəticələr göstərib ki, insanların böyük əksəriyyəti həyatında ən azı bir dəfə bu cür qəribə hadisələrlə qarşılaşıb. Ən maraqlısı isə odur ki, əksər hallarda insanlar bu təcrübələri müsbət hadisə kimi qiymətləndirirlər.

Araşdırma nə göstərib?

Tədqiqatın aparıcı müəllifi Ronald Fişer bildirib ki, klinik statistika bu cür hadisələrin real miqyasını əhəmiyyətli dərəcədə aşağı göstərir.

Onun sözlərinə görə, kiminsə varlığını hiss etmək, görüntülər görmək və ya özünü kənardan müşahidə etdiyini düşünmək kimi təcrübələr əhali arasında klinik diaqnozların göstərdiyindən daha geniş yayılıb. 5 mindən çox iştirakçının yer aldığı araşdırmada belə təcrübələr barədə məlumat verən insanların əksəriyyətinin tamamilə sağlam olduğu müəyyənləşib. Onların çoxu yaşadıqları hadisələri həm baş verdiyi anda, həm də sonradan düşündükdə neytral və ya müsbət təcrübə kimi qiymətləndirib.

Alimlər respondentlərdən müxtəlif “qeyri-adi” hadisələr barədə məlumat vermələrini istəyiblər.

Bunlara daxildir:

Güclü sevinc, heyranlıq və ya qorxu hissi;

Görüntülər və səslər eşitmək;

Bədəndən kənar təcrübə;

Vəfat etmiş insanların varlığını hiss etmək;

Ölümə yaxın təcrübələr və şüurlu yuxular.
 

Məlum olub ki, insanların əksəriyyəti belə epizodları təkbaşına yaşayır. Yalnız 10 faiz hallarda bu təcrübələr dini və ya mənəvi kontekstlə əlaqələndirilib. Adətən belə anlar çox qısa müddət davam edir. İştirakçıların üçdə birindən çoxu bu cür hallarla 2-3 dəfə qarşılaşdığını bildirib.


Bu hadisələrin arxasında kimin və ya nəyin dayana biləcəyi ilə bağlı respondentlərin fikirləri isə fərqli olub:

Respondentlərin üçdə biri bunun arxasında heç kimin dayanmadığını bildirib;

15 faiz səbəb kimi “Tanrı və ya tanrıları” göstərib;

11 faiz isə baş verənləri “Müqəddəs Ruh”la əlaqələndirib.

Ən çox rast gəlinən “fövqəltəbii” hisslər
 

Tədqiqatçılar insanların qarşılaşdığı qeyri-adi vəziyyətlərin geniş siyahısını hazırlayıblar. Buraya daxildir:


Deja vu;

Başqa bədənə sahib olmaq hissi (“ikinci mən”);

Aura qavrayışı;

Ekstrasensor qavrayış;

Bədəndən kənar təcrübə;

Şüurlu yuxular;

Ölümə yaxın təcrübələr;

Vəfat etmiş insanların varlığını hiss etmək;

Görüntülər, qoxular, səslər və qeyri-adi toxunuşlar.

Qəribə təcrübələrə müsbət yanaşma

Belə hadisələrin bəzən qorxuducu xarakter daşımasına baxmayaraq, onların emosional qiymətləndirilməsi kifayət qədər müsbət olub.
 

İştirakçıların təxminən 49,68 faizi bu təcrübələr zamanı sevinc və ya daxili yüksəliş hiss etdiyini bildirib. 24,53 faiz üçün təcrübə emosional baxımdan neytral olub, yalnız 25,79 faiz diskomfort və ya iztirab yaşayıb.


“Bir çox insan üçün belə təcrübələr dərin məna daşıya, şəxsi inkişaf və yeni anlayışlara gətirib çıxara bilər. Ümid edirik ki, araşdırmamız bu mövzular ətrafındakı stiqmanı azaltmağa və insan təcrübəsinin müxtəlifliyini göstərməyə kömək edəcək. Lakin əgər kimsə bu cür təcrübələrin gündəlik həyatına mane olduğunu hiss edirsə, mütləq mütəxəssisə müraciət etməlidir”, – Fişer əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin