Azyaşlının şəkərli diabet xəstəsi olduğu üçün Bakıdakı uşaq bağçasından kənarlaşdırıldığı iddia edilir.
Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, uşağın anası Hədiyyə Qurbanəliyeva "Barama" uşaq bağçasından şikayətçidir.
Dediyinə görə, ona xəbərdarlıq edilmədən övladı bağçanın "Əcəmi" filialından uzaqlaşdırılıb.
Valideynin sözlərinə görə, uşağın bütün tibbi sənədləri qaydasındadır və o, mütəmadi həkim nəzarətindədir. Buna baxmayaraq, bağça rəhbərliyi xəstəliyi əsas gətirərək uşağın bağçada qalmasına məhdudiyyət tətbiq edib.
Hədiyyə Qurbanəliyevanın iddiasına görə, əvvəlcə onlara uşağın 1-2 ay evdə dincəlməsinin məqsədəuyğun olduğu bildirilib. Daha sonra isə uşağın bağçada qalması üçün əlavə olaraq fərdi nəzarətçinin tutulması tələb olunub. Onların isə bunun xərcini qarşılamaq imkanları yoxdur.
Valideynin sözlərinə görə, bundan sonra bağça əməkdaşları dəfələrlə onlarla əlaqə saxlayaraq uşağın portal qeydiyyatından çıxarılmasını tələb ediblər. Onlar buna razılıq vermədiklərini bildirsələr də, sonradan uşağın qeydiyyatının ləğv edildiyi barədə məlumat alıblar. Qeydiyyatın ləğvi ilə bağlı onlara heç bir rəsmi sənəd, tibbi rəy və ya hüquqi əsas təqdim edilməyib.
Valideyn deyir ki, bu yanaşma həm etik normalara, həm də uşaqların hüquqlarının qorunması prinsiplərinə ziddir.
Bununla bağlı artıq aidiyyəti qurumlara müraciət olunub. İddalara aydınlıq gətimək istəsək də, müəssisə rəhbərliyi bizi görən kimi qapıları bağladı, pərdələri çəkdi və işığı söndürdü.
Bizim.Media



































































































