Hər bir uğurlu işin fövqundə zəhmət və işgüzarlıq dayanır. İnsan qurduğu işdə nailiyyət qazanmaq istəyirsə, onun bütün əziyyətini nəzərə almalıdır. Qubanın Susayqışlaq kənd sakini, arıçı Əziz Ələkbərov da öz işinə böyük zəhmət və həvəslə yanaşır. Əziz kişi hazırda 400-ə yaxın arı ailəsi olan təsərrüfatını çoxillik zəhməti bahasına qurub. Hətta bu barədə maraqlı bir əhvalat da danışdı. Dediyinə görə, arı ailəsini ilk dəfə ona mərhum dayısı verib. Amma işin əziyyətini özü deyil, başqası çəkdiyinə görə, təsərrüfatı qura bilməyib.
Qubanın bu dağlıq kəndində Əziz kişi damazlıq təsərrüfatında arıların müalicə prosesindən də danışdı.
Bildirdi ki, arı ailəsinin məhv olmaması üçün xəstəlik yaradan gənələrə qarşı mübarizə təbii çiçəklərdən hazırlanan məhlulla aparılır. Bununla da damazlıq təsərrüfatında qarşıdakı il üçün bal verəcək arılar qorunur. Arıların daha bir qənimi isə, balı çox sevən yırtıcı ayılardır.
Arıçılıq təsərrüfatında müsahibimiz olan digər arıçı Cavid Baratov isə balın müalicəvi əhəmiyyətindən danışdı. Bildirdi ki, bal 14 xəstəlikdə müalicə üsulu kimi istifadə edilir. Cavid Baratov məlumat verdi ki, təsərrüfatlarında 100-ə yaxın müxtəlif dağ çiçəklərindən təmiz-ekoloji bal alınır. Ekobal maşın tüstüsü görməyən və insan amili olmadan yağış suları ilə bəslənən dağ çiçəklərindən hazırlanır. Onların təsərrüfatlarında da məhz bu çiçəklərdən şirə çəkən arı ailələri saxlanılır.
Əziz Ələkbərovla birgə saxladığı arı ailələri yerdəyişmə üsulu ilə Qubanın 7 dağlıq zonasında bəslənilir.
Aytəkin Alxaslı, İntiqam İbrahimov, Bizim.Media, Şimal bürosu






























































































