Abituriyentlərin diqqətinə: İxtisas seçimi yaxınlaşır - seçimdə bu səhvləri etməyin

Hazırda oxunan: Abituriyentlərin diqqətinə: İxtisas seçimi yaxınlaşır - seçimdə bu səhvləri etməyin

629691

İxtisas seçimi minlərlə abituriyent üçün sadəcə universitetə qəbul mərhələsi deyil, gələcək peşə və karyera yolunu müəyyənləşdirən ən vacib qərarlardan biridir. Ancaq hər il kifayət qədər bal topladığı halda istədiyi ixtisasa qəbul ola bilməyən abituriyentlər də az olmur.

Səbəb isə əksər hallarda bal çatışmazlığı yox, ixtisasların düzgün ardıcıllıqla kodlaşdırılmaması, keçid ballarının yanlış qiymətləndirilməsi və seçim zamanı buraxılan səhvlər olur.

Bəs ixtisas seçimi edən abituriyentlər nələrə diqqət etməlidir?

Bizim.Media-ya danışan təhsil eksperti Afərim Seyidova bildirir ki, ixtisas seçərkən təkcə ötən ilin keçid ballarına və ixtisasın nüfuzuna deyil, həm də şəxsi maraqlara, əmək bazarının tələblərinə və bu il tətbiq olunan yeniliklərə diqqət yetirilməlidir.

“Son illər hüquq, müəllimlik, maliyyə və iqtisadiyyat kimi ənənəvi ixtisaslarla yanaşı, kiber təhlükəsizlik, informasiya texnologiyaları, kompüter elmləri kimi sahələrə maraq xeyli artıb.

Bununla belə, bu ixtisaslar yalnız yüksək gəlir xatirinə seçilməməlidir.

Abituriyent həmin sahəyə həqiqətən maraqlı olub-olmadığını və gələcəkdə bu peşədə işləmək istəyib-istəmədiyini düzgün qiymətləndirməlidir.

Valideynlər və abituriyentlər çox vaxt "ən prestijli" və "ən çox qazandıran" ixtisası axtarırlar. Halbuki prestij anlayışı hər kəs üçün eyni deyil. Hansı sahədə uğur qazanmaq insanın bacarığından, marağından və özünü inkişaf etdirməsindən asılıdır”.

Əmək bazarındakı dəyişikliklər də nəzərə alınmalıdır.

Kitabxanaçılıq, muzey işi, bəzi filologiya ixtisasları əvvəlki qədər aktual olmadığı halda, tibb, əczaçılıq, müəllimlik, maliyyə və mühasibatlıq daimiliyini qoruyur”.

Yeni açılan ixtisaslar

Ekspert bu il yeni açılan ixtisaslara da diqqət çəkib.

Bunlar arasında Xəzər Universitetində Çin dili və ədəbiyyatı (təhsilin bir ili Çində keçiriləcək),

Azərbaycan Dövlət Pedaqoji Universitetində Fizika və riyaziyyat müəllimliyi,

Azərbaycan Memarlıq və İnşaat Universitetində Daşınmaz əmlakın inkişafı və idarə edilməsi,

Bakı Dövlət Universitetində Afrikaşünaslıq,

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ingilis dilində tədris olunan yeni proqramlar,

Gəncə Dövlət Universitetində rus və ingilis dillərində Kimya və biologiya müəllimliyi,

Odlar Yurdu Universitetində Riyaziyyat və informatika müəllimliyi,

Sumqayıt Dövlət Universitetində isə ingilis dilində Biznesin idarə edilməsi ixtisası yer alır:

“Qarabağ Universitetində isə bəzi ixtisaslar üzrə minimum bal həddi tətbiq olunacaq.

Əvvəllər blok imtahanından 50–100 bal toplayan abituriyentlər yalnız məhdud sayda ixtisas seçə bilirdilər. Bu ildən həmin siyahıya kompüter mühəndisliyi və informasiya texnologiyaları da əlavə olunub.

Eyni qayda ilə Riyaziyyat–kimya altqrupunda qida mühəndisliyi, logistika və nəqliyyat mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, ikinci qrupda isə menecment, coğrafiya müəllimliyi, beynəlxalq ticarət və logistika, dövlət və bələdiyyə idarəetməsi kimi ixtisaslar da əlavə edilib. Bu imkan yalnız blok imtahanında 50–100 bal toplayan abituriyentlər üçün nəzərdə tutulub”.

Ekspertin sözlərinə görə, ixtisas seçimində ötən ilin keçid ballarını əsas götürmək düzgün deyil.

Xüsusilə Qarabağ Universitetində bəzi ixtisaslar üzrə keçid ballarının ciddi artacağı gözlənilir.

Eyni vəziyyət Azərbaycan Dillər Universitetinin ingilis dili filologiyası ixtisasında da aiddir. Burada 80-100 bal artım ola bilər.

O, hesab edir ki, yaxın illərdə informasiya texnologiyaları, kibertəhlükəsizlik, data analitikası, maliyyə, müəllimlik və tibb sahələri əmək bazarında perspektivini qoruyacaq. Süni intellektin inkişafına baxmayaraq, bu ixtisasların aktuallığının hələ də yüksək qalacağı gözlənilir.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin