Övladın adına keçirilən ev sonradan bölünə bilər?- Açıqlama

Hazırda oxunan: Övladın adına keçirilən ev sonradan bölünə bilər?- Açıqlama

629630

Valideynlər sağlığında əmlakını övladlarından birinin adına rəsmiləşdirdikdə, sonradan digər vərəsələrin həmin əmlaka iddia edib-edə bilməyəcəyi ən çox mübahisə doğuran hüquqi məsələlərdən biridir. Bəzi hallarda bu cür rəsmiləşdirmə gələcək münaqişələrin qarşısını alsa da, digər hallarda vərəsələr arasında uzunmüddətli məhkəmə çəkişmələrinə səbəb olur.

Övladlardan birinin adına keçirilən əmlaka digər vərəsələrin iddia hüququ hansı hallarda yaranır?

Bizim.Media xəbər verir ki, bu barədə açıqlama verən vəkil Amid Əsgərov bildirib ki, qanunvericilikdə tərəflər arasında mövcud olan münasibətlərin xarakterindən asılı olaraq əmlaka mülkiyyət hüququnun başqa şəxs tərəfindən əldə edilməsinin bir neçə forması nəzərdə tutulub.

“Lakin praktikada valideyn-övlad münasibətlərində əmlaka mülkiyyət hüququnun əldə edilməsi daha çox bağışlama müqaviləsinin bağlanması yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə bir müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir və bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Həmin Məcəllənin 667.1-ci maddəsində isə qeyd olunur ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakı barəsində bağışlama yolu ilə yalnız o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın”.

Vəkil qeyd edib ki, məcəllənin 1200-cü maddəsinə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi pay hüququna malik olan şəxs, əgər bağışlanmış əşya mirasın tərkibinə daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər:

“Lakin mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçmişdirsə, həmin hədiyyə hesaba alınmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd olunduğu kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bəzi şərtlər eyni vaxtda mövcud olmalıdır.

Belə ki, tələbi irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalıdır, əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalıdır, əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməlidir və həmin əşya mirasın tərkibinə daxil olsaydı, miras əmlakının həcmi artmış olardı.

Beləliklə, bağışlama nəticəsində məcburi pay hüququna malik olan birinci növbə vərəsələrin qanunla təmin edilmiş payı pozulduqda, onlar bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər”. (Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin